F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə ralli yarışında qəza etdikdən sonra 6 il ərzində Formula1 bolidi sürməmişdi. 32 yaşlı sürücü təxminən 1 ay bundan əvvəl Lotus-un 2012-ci il bolidi E20 ilə Valensiyada testlər etmiş və 115 dövrə vurmuşdu.
Kubitsa keçən həftəsonu Qudvud sürət festivalında da Lotus E20-nin sükanı arxasına keçib və festavaldan xoş təəssüratlarla ayrılıb: “Gözəl hiss aldım. Keçmiş illər arasında aldığım ən gözəl hiss idi. Əla təcrübə yaşadım. Sürət festivalı barədə gözəl hekayələr eşitdim. Burada olmaq çox gözəl idi. Əla tədbir idi. Ümid edirəm ki, fanlar da mənim qədər əyləndilər.
Valensiyada Lotus-un 2012-ci il bolidi ilə test etmək mükəmməl fürsət idi. Buradakı isə sadəcə şou idi. Valensiyadakı hiss və emosiyalar xüsusi idi.
Azərbaycan yarışında zənnimcə Fettel bir az sərt reaksiya verdi. Ancaq bu cür şeylər ola bilər. Özü də bu hərəkətindən razı qalmayıb. Bəzən etiraf etmək çətin olsa da, o çox ağıllı insandır və bu dəfə həddi aşdığını çox yaxşı bilir. Bu cür hallar yarışlarda ola bilər. Mübarizə artan zaman əsəblərinə sahib olmaq çox vacibdir. Hər şeyə nəzarət etməlisiniz. Amma Dünya Çempionluğu uğrunda mübarizə aparanda bunu bacarmaq asan deyil”.