F-1.az xatırladır ki, ispaniyalı sürücü sağ qolundakı ağrılardan əziyyət çəkirdi və buna görə də keçən həftə doqquz fərqli yerdən əməliyyat olundu. Onun Fransada yarışıb-yarışmayacağı müəmmalı idi. Buna görə də onun birinci sərbəst yürüşlərdə iştirakına qərar verildi. Vəziyyətə görə son qərar alınacaqdı.
Lakin gənc sürücü birinci sərbəst yürüşlərdə 3 dövrə vurduqdan sonra yenidən boksa qayıdıb və yarışmamağa qərar verib.
Raul Fernandes: “Ciddi problem olmasa da, yarışmağa gücüm yoxdur. Sınadım, üç dövrə vurdum və hazır olmadığımı hiss etdim. Özümü yaxşı hiss etsəm də, sağa olan döngələrdə bədənimi idarə edə bilmirəm. Zədəmə görə davam etmək çox riskli olardı. Sürətli dövrə vursam belə 2-3 saniyə geridə qalacaqdım.
Hazırda itirəcəyim bir şey yoxdur. Əksinə, qəza etsəm, daha çox şey itirərəm. Komanda da qərarımı anlayışla qarşıladı. Hədəfimiz Mucellodur. Bunu dünən də dedik. Ora qədər hazır olmağa çalışacağıq”.