F-1.az xatırladır ki, avstraliyalı sürücü Ducati-də iki mövsüm keçirdikdən sonra bu mövsüm KTM komandasına transfer olunub. Əslincə Cek Ducati-də qala bilərdi. Bunun üçün peyk komandası olan Pramac-a getməli idi. Lakin o, baza komandasında yarışmağı seçərək, KTM-ə transfer olunub.
Miller yeni komandasında pis çıxış etmir. Belə ki, o ilk 5 yarışda iki dəfə podiuma yüksəlib və demək olar ki, bütün yarışlarda ön sıralarda olub.
Françesko Quidotti: “Cek özü ilə təcrübə gətirdi. Buna ehtiyacımız var idi. Onun geribildirimləri bizim üçün çox vacibdir. O, bizə daha əvvəl sahib olmadığımız baxış bucağı gətirdi: KTM-də olmayan baxış bucağı…
Onunla müqavilə bağlayanda qərarlı idik. Biz ona dedik ki, bizə geribildirim ver və motosikletin inkişafına ehtiyacımız var. Görüləcək çox iş var idi. Ducati-nin baza komandası ona güvənməyəndən sonra önəmli olduğunu hiss etməli idi. Bu hal ona çox motivasiya verdi.
Bu mövsüm hər şey gözlədiyim kimi deyil, gözlədiyimizdən daha yaxşıdır. Sözün açığı, motosiklet Malaziya və Portuqaliya testlərindəki bütün inkişaf planına görə işləyir”.