F-1.az xatırladır ki, Şumaxer 3 il əvvəl dağ kurortunda xizək sürərkən yıxılmış və ağır yaralanmışdı. Almaniyalı əfsanənin vəziyyəti barədə dəqiq məlumat yoxdur.
Ross Braun Şumaxerlə Ferrari-də 5 dəfə Dünya Çempionu titulunu qazanmış və hazırda Formula1-də hegemonluq edən Mercedes-in bünövrəsini bir yerdə atmışdılar.
Braun bildirib ki, Şumaxer işlədiyi komandalara çoxlu faydalar verib: “Mixael Mercedes-ə uğur gətirən bünövrənin təməllərini atdı. Ferrari-dəki uğurlarımıza kömək etdi. Bu yanaşma Mercedes-də də davam etdi”.
Braun əlavə edib ki, almaniyalı sürücü hamıya güclü motivasiya verib və onun bu davranışına görə hamı maksimum performans göstərmək istəyib: “Mixael kimi motivasiyalı və uğura fokuslanmış sürücü ilə işləmək sizin üçün yaxşıdır. Siz bilirsiniz ki, heç nəyi yola verə bilməzsiniz. Uğura fokuslanmış bir sürücü ətrafındakı insanlara da motivasiya verər. Mixael insanlara çox motivasiya verirdi. Komanda daxilində doğru abu-hava yaratmağı mən Mixaeldən öyrənmişəm.
O bilikli və yetkin adam idi və aerodinamika, bolid və təkər mühəndisləri ilə oturub danışırdı və nəyə ehtiyac olduğunu bildirirdi. Bu qiymətsiz bir şeydir. Mercedes-in hazırkı uğurunda onun böyük payı var”.