Quba məktəblisi F1 simulyator çempionatının qalibi olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula1 çempionatının final yarışı dənizkənarı bulvarda baş tutub.

F-1.az bildirir ki, gərgin mübarizə şəraitində keçən yarışda Quba rayonunu təmsil edən şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov 1 dəqiqə 46 saniyə ilə (1:46:070) ən sürətli nəticə göstərərək regionların çempionu adına yiyələnib. Yarışda bütün rəqiblərini üstələyən F.İslamov qalibiyyəti haqqında danışıb.

Fərid İslamov: “Regional qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Rayonda baş tutmuş ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım. Ancaq bu gün yarışdan əvvəl keçirilmiş məşq yürüşlərində iştirak edərək finala ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq regionların çempionu adını qazandığım üçün çox sevincliyəm.

Bu çempionat mənə çox şey qazandırdı. Həm yol hərəkəti qaydaları haqqında məlumatlandırdı, həm də avtoidmana, xüsusən də Formula1-ə böyük maraq və həvəs oyatdı.

Bundan başqa, yarışdan bir gün əvvəl Bakıda bir sıra gəzməli-görməli yerlərdə, o cümlədən İçərişəhər və Heydər Əliyev Mərkəzində olduq, paytaxtımızı daha yaxından tanıdıq. Fürsətdən istifadə edərək bizə bu gözəllikləri yaşatdıqları üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, final yarışında Qaxı Aqşin Əhmədov, Mingəçeviri Xası İsgəndərli, Füzulini Hüseyn Eyvazov, Şirvanı Gülağa Abdullayev və Lənkəranı Azər Məmmədli təmsil ediblər.

Yarışın sonunda bütün regional qaliblərə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yerli sahibkarlığa dəstək məqsədilə “İSMA” şirkətinin istehsal etdiyi velosiped və müvafiq aksesuar dəsti verilib. Bundan başqa, regionların çempionuna əlavə olaraq builki Azərbaycan Qran Prisi üçün tribunaya 2 nəfərlik 4 günlük bilet təqdim olunub.

Yarışdan sonra final iştirakçıları BŞH-nin ofisini ziyarət ediblər. Burada məktəblilər Azərbaycan Qran Prisinin Könüllülük və Marşallıq proqramları ilə tanış olublar və onlara proqram təmsilçiləri tərəfindən dəyərli hədiyyələr verilib.

Layihənin təşkilatçılarından olan BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai simulyatorda F1 çempionatının gözləniləndən daha yaxşı keçdiyini bildirib: “İlk dəfədir ki, belə bir layihə keçirirdik. Regionlarda bu çempionata gözlədiyimizdən daha böyük maraqla qarşılaşdıq. Yuxarı sinif şagirdləri böyük həvəslə seminar və yarışlarda iştirak etdilər, həm maarifləndilər, həm də əyləndilər.

Region sakinləri də bu həyəcana qoşuldular, Formula1 haqqında ətraflı məlumat əldə etməyə çalışdılar. Bir sözlə, çempionat yüksək səviyyədə reallaşdı və deyə bilərəm ki, bu layihə ilə biz qarşıya qoyduğumuz məqsədə tam nail olduq”.

Azərbaycanda ilk dəfə keçirilən Formula1 simulyator çempionatı fevralın 19-dan martın 19-dək davam edib. Çempionatda 6 regionun – Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın şəhər məktəblilərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.

Ümumilikdə 1200-dək məktəbli həm AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi qaydalarına dair verilən seminarlara qatılıb, həm də yarışda mübarizə aparıb. Bununla yanaşı, region sakinləri simulyatorda Bakı Şəhər Halqasında F1 bolidi sürmək imkanına sahib olublar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*