Bəhreyndəki vəziyyətlə əlaqədar olaraq, Qətərin nümayəndələri bir daha bildiriblər ki, Formula1 yarışını ölkədə keçirmək məsələsinə baxa bilərlər, hətta lazım olarsa, yeni tras da tikə bilərlər.
Dünən ölkədə MotoGP çempionatının yarışı keçirilib və Losail trasına səfəri zamanı ölkənin avtoidman federasiyasının prezidenti Nasser Xəlifə əl-Atiyyə Hindistanın The Hindu qəzetinə bildirib ki, “biz yarışı Doxada keçirməyə hazır deyilik, amma gələckdə hər şey mümkündür, hər şey hökumətin qərarından asılıdır: mövcud trası modernləşdirək yoxsa yenisini tikək…”
Əgər bu yarış dünya çempionatının təqviminə əlavə olunarsa, çox güman ki, Qran Pri MotoGP yarışı kimi gecə vaxtına təsadüf edəcək. Deyilənlərə görə, ölkə rəsmiləri 50-70 milyon Avro yarış haqqı ödəməyə də hazırdılar, amma indi çox şey Berni Ekklstoun və CVC Capital sərmayə fondunun Bəhreyndən olan tərəfdaşları ilə münasibətlərin inkişafından asılı olacaq…