F-1.az xəbər verir ki, qarşıdakı mövsüm mübarizə aparacaq sürücülərdən də 8-i podiumun ən yüksək zirvəsinə çıxıb…
Komandalar:
Scuderia Ferrari
1950-ci ildən bəri Formula1-də iştirak edən Ferrari bu idmanın ən böyük və uğurlu komandası hesab olunur. 907 dəfə – ən çox yarışa çıxan komanda 224 dəfə qalib gəlib ki, bu da ən yaxın izləyicisinin nəticəsindən 42 qələbə çoxdur. Komanda həmçinin, eyni Qran Prini ən çox qazanan (Almaniya Qran Prisi – 21 dəfə), sürücüləri ən çox podiuma yüksələn (521 yarışda 696 dəfə), 53 dəfə ardıcıl ən çox podium qazanan, ən çox poul (208) və ən sürətli dövrə (233) əldə etmiş komandadır. Komandanın pilotları 15 dəfə dünya çempionu olub. Mühəndislər Kuboku sayında isə Ferrari 16 dəfə ilə böyük fərqlə liderdir. Son dəfə Sinqapur Qran Prisində qələbə və poul qazanan komandanın sonuncu sürətli dövrəsi isə keçən mövsüm Rusiyada qeydə alınıb. Yəni, komanda 6 yarışdır ki, qalib gələ bilmir…
McLaren Honda
Bryus Maklaren tərəfindən qurulan və 1966-cı ildən indiyə qədər Formula1-də fasiləsiz iştirak edən komanda heç vaxt satılmayıb. Çıxdığı 780 yarışda 182 qələbə, 155 poul, 152 ən sürətli dövrə və 485 (391 yarışda) podium zəfəri əldə edib. McLaren-in ən şanlı dövrləri 80-cı illərə təsadüf edir. Alen Prost və Ayrton Senna məhz Mclaren-də komanda yoldaşı olublar. Geridə qoyduğumuz mövsüm Honda mühərriklərindən istifadə edən komanda tarixinin bəlkə də, ən zəif mövsümünü keçirdi. Növbəti il isə onların yaxşı təsir bağışlayacaqlarını proqnozlaşdıran çoxdur. Komanda son qələbəsini 2012-ci ilə Braziliyada Censon Battonla əldə edib. Artıq 57 yarışdır ki, bu böyük komanda qələbə qazana bilmir…
Williams Martini Racing
Komanda 1977-ci ildə debüt edib. Ən uğurlu illəri 90-cı illərə təsadüf edir. Çıxdığı 635 yarışda 114 dəfə qələbə qazanıb. Amma son dövrlər komanda üçün uğurlu keçməyib. Düzdür, turbo mühərriklərə keçiddən sonra 2 ildir ki, 3-cü yeri tuturlar, amma Mercedes və Ferrari onlar üçün əlçatmaz görünür. Komanda son qələbəsini 2012-ci ildə İspaniya Qran Prisində Pastor Maldonado ilə əldə edib. Bu qələbənin üzərindən 72 yarış keçir… Mühəndislər kubokunu 9 dəfə əldə edən və pilotları 7 dəfə çempion olan komanda tarixi boyu 128 poul, 133 ən sürətli dövrə və 310 podium (241 yarışda) əldə edib.
Red Bull Racing
Son illərə damğasını vuran komandanın kökü 1997-ci ilə gedib çıxır. Həmin il qurulan və Ceki Styuartın sahibi olduğu Stewart komandası 2000-ci ildə Jaguar-a satılmış, 5 il sonra isə komandanı Red Bull almışdı. 2010-2013-cü illərdə 4 dəfə Mühəndislər Kuboku qazanan komandanın sürücüsü Sebastyan Fettel də 4 ardıcıl çempionluq əldə etdi. Komanda 203 yarışa çıxıb və 50 qələbə, 57 poul, 47 ən sürətli dövrə və 119 podium (85 yarışda) əldə edib. Komanda son qələbəni 26 yarış əvvəl – 2014-cü ildə Belçika Qran Prisində əldə edib.
Mercedes AMG Petrona Formula One Team
2014-cü ildə turbo mühərriklərə keçiddən sonra qarşısıalınmaz olan komandanın kökü 1970-ci ilə qədər gedir. Həmin ildən 1998-ci ilə qədər Tyrrell, 1999-2005-ci illərdə BAR, 2006-2008-ci illərdə Honda adlanıb. 2009-cu ildə isə Brawn GP adı altında möhtəşəm mövsüm keçirib. Mercedes 2010-cu ildə komandanı alaraq Formula1-ə geri qayıdıb. 1954-1955-ci illərdə də Formula1-də iştirak edən komanda ümumilikdə çıxdığı 127 yarışda 45 qələbə, 53 poul qazanıb. Sürücüləri ümumilikdə 95 dəfə (61 yarışda) podiuma yüksəlib və 38 dəfə ən sürətli dövrə vurublar. Komanda 4 dəfə pilotlar çempionluğunu, 2 dəfə isə Mühəndislər Kubokunu qazanıb. Son yarışda qalib gəldiyindən, hər hansı qələbə həsrəti yoxdur.
Renault Sport Formula One Team
Renault Lotus komandasını aldı və illər sonra idmana zavok komandası kimi qayıdır. Komandanın debütü 1977-ci ilə təsadüf edir. 1981-ci ildə Toleman-a satılan komanda 5 il sonra Benetton-a satılıb. 2002-ci ildə yenidən Renault tərəfindən alınıb. 2011-ci ildən 2015-ci ilə qədər isə komanda Lotus-un əlində olub. Komanda 300 yarışda 35 qələbə, 51 poul, 31 ən sürətli dövrə əldə edib və komandanın pilotları 100 dəfə (88 yarışda) podiuma yüksəlib. Sonuncu qələbə isə 134 yarış əvvəl qeydə alınıb… 2008-ci ildə Yaponiya Qran Prisini o dövrdə Renault-da çıxış edən Fernando Alonso qazanmışdı…
Scuderia Toro Rosso
Qeyd etdiyimiz qələbə qazana bilən 7 komandalardan sonuncusu isə Toro Rossodur. Bu komandanın kökü keçən əsrin 80-ci illərinə qədər gedir. 1985-ci ildə Formula1-də debüt edən Minardi-ni Diter Mateşiç aldı və komandanın adı Toro Rosso oldu. Komanda 185 yarışa çıxıb və 1 qələbə əldə edib. Bu qələbə 116 yarış əvvələ, yəni, 2008-ci ildə keçirilmiş İtaliya Qran Prisinə təsadüf edir. Sebastyan Fettel o yarışda podiumun ən yüksək zirvəsinə qalxaraq gələcək parlaq karyerasının ilk siqnallarını vermişdi. Həmin yarış həmçinin, komandanın yeganə poul və podiumunu da əldə etdiyi yarışdır…
Yəni, Ferrari 6, Red Bull 26, McLaren 57, Williams 72, Toro Rosso 116, Renault isə 122 yarışdır ki, qalib gələ bilmir. Son 6 yarışın hamısında qalib gələn Mercedes isə qələbə həsrəti çəkmir.
Pilotlar:
Xəbərin əvvəlində də qeyd etdiyimiz kimi, növbəti mövsüm mübarizə aparacaq pilotlardan 8-i qələbə ilə tanışdır.
Son 3 yarışın qalibi Niko Rosberq karyerası boyu 185 yarışda 14 dəfə qalib gəlib. Onun komanda yoldaşı, 167 yarışda 43 dəfə qalib gəlmiş Lyuis Həmilton 3, 158 yarışda 42 dəfə qələbə qazanan Sebastyan Fettel 6, karyerası boyu 88 yarışda 3 qələbəsi olan Daniel Rikkardo 26, çıxdığı 231 yarışda 20 qələbəsi olan Kimi Rəikkönün 56, 252 yarışda 32 qələbəsi olan Fernando Alonso 52, 284 yarışda 15 dəfə qalib gəlmiş Censon Batton 57 və 229 yarışda 11 qələbə qazanmış Felipe Massa 132 yarışdır ki, qalib gələ bilmirlər…