Mövsümün ilk yarışından sonra yeni maşınların səsi barədə rəylər iki cəbhəyə bölünüb: kimisə bu səs qane edir, amma böyük əksəriyyət yeni səsdən narazıdır. Amma hamı yekdilliklə təsdiq edir ki, builki Formula1-in akustikası istənilən səviyyədə deyil.
Artıq problemin həll olunması üçün müxtəlif versiyalar irəli sürülüb, amma Formula1 maşınlarının keçmiş konstruktoru, hazırda Britaniyanın Autosport qəzetinin eksperti Qəri Anderson hesab edir ki, maşınların səsini yalnız süni yolla qaldırmaq olar. Hərçənd, müasir Formula1-də çox şey süni yolla edilir.
Problemin texniki mahiyyəti belədir. Yeni turbomotorlar dirsəkli valın yüksək dövriyyələr diapazonunda çalışan zaman əmələ gələn işlənmiş qazaların həcmi turboqovucuda maksimal təzyiqi saxlamaq üçün kifayət eləmir. Onda MGU-H generatoru turbinin fırlanma sürətini azaltmağa başlayır, çünki turbinin istehsal etdiyi elektrik enerjisi ya batareyanın dolmasına gedir, ya da birbaşa MGU-K generatoruna ötürülür.
Texniki reqlament yanacaq sərfiyyatını saatda 100 kq-la məhdudlaşdırdığı üçün çox nadir hallarda motor ustaları yeni mühərrikləri maksimal 15 min dövriyyə/dəqiqədə işlədirlər, çünki bu zaman yanacaq sərfiyyatı kəskin artır. Reallıqda mühərriklər dəqiqədə 12 min dövriyyə səviyyəsində çalışırlar – bu da yeni güc qurğusunun çıxardığı səsə təsir edir.
Daxili yanma mühərriyinin işçi həcminin 2.4 litrdən 1.6 litrə azaldılması, dirsəkli valın sürətinin dəqiqədə 15 min dövriyyədən 12 minə düşməsi, eləcə də qazburaxma sistemin sonunda işlənmiş qazları çıxaran borunun diametrinin böyüdülməsi sistemdən çıxan hava axınının sürətini V8 motorları ilə müqayisədə 33% azaldıb. Bütün bunlar maşınların səsini azaldıb…