Qafqaz Motor Şounun rəsmi açılış mərasimi olub

İki illik fasilədən sonra baş tutan, sayca 17-ci olan və yenidən Qəbələyə qayıdan sərgiyə ilk gündən maraq yüksək olub. Axşam saatlarnda isə artıq rəsmi açılış mərasimi baş tutub.

F-1.az xəbər verir ki, açılış axşam saatlarında baş tutsa da, artıq gündüzdən bir sıra vacib tədbirlər olub. İlk öncə səhər saatlarında ekoloji avtomobillərin təbliğatı üçün tədbir keçirilib. Tədbirdə son illərdə ölkəyə idxal olunan avtomobillərin statistikası, yeni avtomobillərin sayının artırılmasına kömək edə biləcək tədbirlər, ekoloji avtomobillərin ölkədəki gələcəyi kimi məsələlərə toxunulub, eyni zamanda sərginin proqramı barədə iştirakçılara məlumat verilib.

Daha sonra isə tədbir iştirakçılarının klassik avtomobillərlə gəzintisi olub. Eyni zamanda Qəbələnin mürəkkəb landşatfından istifadə edərək offrouder yarışı təşkil edilib.

Sərginin rəsmi açılış mərasimi axşam saat 19:00-a təsadüf edib. Təşkilatçı, AADA-nın rəhbəri Natiq Zərbəliyev qonaqları salamlayaraq rəsmi açılışı elan edib. Daha sonra isə tədbirin proqramı barədə ictimaiyyətə məlumat verib, sərgi iştirakçılarını təqdim edib.

Gələk builki sərginin iştirakçılarına. Əvvəlki ilə müqayisədə, daha çox iştirakçının olması ilə yanaşı, bu dəfəki sərgi rəngarəngliyi ilə də seçilir. Ən lüks seqmentə xitab edən avtomobillərdən hamıya əlçatan qiymətə olan modellərə qədər, artıq dövrün tələbi və bu sərginin diqqət çəkmək istədiyi sahələrdən olan elektrik avtomobillərindən hamının yüksək marağına səbəb olan tarixi və nadir eksponatlara qədər hər şey bu dəfəki sərgidə var.

Sərgidə nümayiş etdirilən modellər barədə növbəti yazımızda olduqca geniş məlumat təqdim edəcəyik. İndi isə onlarla səthi də olsa, tanış olaq. Söz yox ki, ən çox marağa səbəb olan maşınlardan biri sərginin daimi iştirakçısı Bentley Baku-nun gətirdiyi yeni Continental GT V8 modelidir. Təxmini 300 min avro qiyməti olan bu maşın parlaq göy rəngi və bahalı materiallardan təşkil edilən qırmızı interyeri ilə diqqətləri cəlb edir.

Onunla yanaşı, lüks sinfindən olan Rangre Rover Sport və Jeep Wrangler Rubicon modelləri də stenddə öz yerini alıb. Sərginin ən maraqlı modellərindən biri isə həm lüks, həm də elektrik sinfinə aid olan əzəmətli Hongqi E-HS9 maşınıdır.

Elektrik maşınları sərgidə üstünlük təşkil edir – onlar arasında da xüsusilə fərqləndirilməli olan Hyundai Ioniq modelidir ki, onu elektrik avtomobil sənayesinin inqilabçılarından adlandırmaq olar.

Sərgidə maraqlı ideyalardan olan Auto Ambulance maşını ilə yanaşı, yerli istehsal olan Tufan motosikletlərinə də rast gəlmək mümkündür. Lakin sərgi zonasına girdikdən bir qədər sonra sol tərəfə baxmaq avtomobil tarixinin ilk illərinə boylanmaq kimidir – orada bir-birindən gözəl, rəngarəng, dünyada bir neçə nüsxəsi olan 4 ədəd tarixi avtomobil yerləşdirilib.

Qeyd edək ki, bu, yerli avtomobil həvəskarı və mütəxəssisi olan Azər Kərimovun şəxsi təşəbbüsü ilə yaradılmış kolleksiyanın kiçik bir parçasıdır. Azər bəyin kolleksiyasında onlarla belə maşın var.

Günün sonunda isə həmişə olduğu kimi, yenə də Dervish Band qrupu öz möhtəşəm mahnıları ilə sərgiyə rəng qatıb.

Qeyd edək ki, sərgi sabah da öz işini davam etdirəcək. Səhər saat 11-dən axşam 23:00-a qədər Qəbələn ərazisində yerləşən sərgi zonasına gələrək olduqca maraqlı vaxt keçirə bilərsiz. Burada sizi müxtəlif uduşlar olan viktorinalar da gözləyir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*