F-1.az xatırladır ki, Ferrari son qələbəsini 2019-cu ilin Sinqapur yarışında qazanıb. Ümumilikdə isə, qırmızılar son iki mövsümdə cəmi 8 dəfə podiuma yüksələ biliblər. “Qırmızılar” çətin keçən 2020-ci ildən sonra keçən il mövsümü üçüncü yerdə bağlasalar da, bu nəticə Ferrari üçün uğur sayılmır.
Qəri Anderson: “Ferrari son 20 ilin ən stabil komandası kimi görünsə də, elə deyil. Onlar ən qeyri-stabil komandadır və bunun səbəbi fəlsəfələridir. 2-3 ildir ki, qovulanların və vəzifəsi dəyişən adamların sayı azalıb. Mattia Binotto hələ də komandanın həm rəhbəri, həm də texniki direktorudur. İki işi birdən görmək çətindir. Onun arxasındakı sistem ona kömək etməlidir. Bu sistem son illərdə dəyişib və Ferrari yenidən zirvəyə çıxmalıdır.
Sonuncu böyük reqlament dəyişikliyi 2017-ci ildə olmuşdu və Ferrari-nin gördüyü işdən təsirlənmişdim. Ferrari qısa saydpodu tapan ilk komanda olmuşdu. Yəni ki, komandada dəyişən şərtlərə uyğunlaşan adamlar var. Amma bir zehniyyət buna mane olur.
Bundan başqa mühərrikdə qaydalara pozandan sonra bunu 2020-ci ildə düzəltməyə çalışdılar. 2021-ci ildə bir az güclənsələr də, məhdudiyyətlərə görə geri qaldılar.
Ferrari indi çox işləməlidir, çünki bütün İtaliya yeni reqlamenti Ferrari üçün fürsət görür. Əgər onlar çempionluq uğrunda mübarizə apara bilməsələr, Maranellodan yenə də qovulanlar olacaq”.