F-1.az xəbər verir ki, ev trasında ənənəvi güclü olan yerli Red Bull komandası bu gün uğur qazana bilməyib.
Nahardan əvvəl sıralanma turunda isə komandanın sürücüləri Nik Kəssidi və Felipe Fraqa Ferrari-nin sükanı arxasında yağışlı hava şəraitində yenə də qələbəyə namizəd olduqlarını göstəriblər. Düzdür, Mercedes-dən Maro Enqel çempionatda ilk pouluna sevinərkən, komanda yoldaşı, keçənilki çempion Maksimilian Götz ilk cərgəni tamamlayıb. İkinci cərgəni isə Red Bull sürücüləri tam tutublar.
Nahardan sonra hava dəyişməyib, gah yağış yağıb, gah dayanıb, yarışın sonunda isə tras qurumağa başladığı üçün sliklərə keçərək risk edən sürücülər də olub.
Belə bir şəraitdə Porsche-dən Tomas Prininq fərqlənib – sıralanmada yalnız 8-ci olan, amma dünənki yarışda trasın hüdudlarını dəfələrlə pozduğuna görə mövsümün lideri Şeldon van der Lindenin 9 yer itirmək cəzası alması sayəsində 7-ci yerdən yarışa başlayıb.
Önündəki rəqiblərini bir-bir arxada qoyan Tomas doğma vətənində həmyerlilərinə sevinc bəxş edib – 16-cı dövrədə liderliyə yüksələn sürücü pit stopda ləngisə belə, trasa yenə də lider qayıdıb. Finişdə Tomas ikinci olmuş Mercedes-dən Luka Ştoltsu 5 saniyə, 3-cü olmuş Maro Enqeli isə 10 saniyə qabaqlayıb.
Peletonun ortasında olan sürücülər yarışın sonuna yaxın sliklərə keçiblər və ona görə də son hissədə çox sürətli olublar, amma podiuma çatmalarına belə dövrələr yetişməyib.
Audi-dən Rene Rast slikə keçmədiyi üçün yarışın sonunda vacib xallar itirib, amma BMW-dən Şeldon da xalsız qaldığı üçün çempionatda vəziyyət dəyişməyib.
Şeldon iki həftədən sonra Hokkenhaymrinqdə baş tutacaq sonuncu yarışa Rene üzərində 13 xallıq üstünlüklə yollanıb.