Portuqaliya hökuməti trasın rəhbərliyindən Formula1 təqviminə qayıtmağın mümkünlüyü barədə danışıqlar aparmalarını istəyib. Hazırda müzakirələr ilkin mərhələdədir. Portuqaliyada Formula1-ə qayıtmaq üçün qarşıya qoyulan çətin vəzifələri başa düşürlər və bunu Fransanın timsalında görüblər. Həm də, Fransa və Almaniyanın təqvimə qayıtması işləri bir qədər çətinləşdirir, lakin Formula1-in yeni rəhbərliyi maksimum yarış sayının 21-dən çox olmasını istədiklərini tez-tez dilə gətirir.
Qeyd edək ki, Alqarve trası Portimao şəhərindən 15 dəqiqəlik məsafədə yerləşir və 100 min tamaşaçı tutumuna malik tribunaları var. Trasın uzunluğu 4.6 km-dir və 17 döngədən ibarətdir. Burada indiyə qədər Formula1 yarışı keçirilməsə də, 2008-ci ilin dekabrında bir, 2009-cu ilin yanvarında isə iki test baş tutub.
F-1.az xatırladır ki, Portuqaliya Qran Prisi 1958-ci və 1960-cı illərdə Boaviştada, 1959-cu ildə Monsantoda, 1984-cü ildən 1996-cı ilə qədər isə Eştorildə keçirilib. İlk yarışın qalibi Stirlinq Moss olub. Eştorildə baş tutan ilk yarışda Alen Prost, son yarışda isə Deymon Hill qalib gəlib. Prost və Naycel Mənsell bu yarışı ən çox qazanan sürücülərdir – 3 dəfə.