F-1.az xəbər verir ki, yeni mövsümdə komandanın şərəfini Paskal Verlyayn və Antoniu Feliks da Coşta qoruyacaqlar.
Gen3 maşınının təqdimatı ötən axşam İtaliyanın Françakorta şəhərciyində yerləşən Porsche Mərkəzində baş tutub. Yeni maşında ənənəvi rəng çalarları – qırmızı-qara-ağ rənglər aşkar sezilsə də, maşın yeni tərzdə rənglənib və çox təsiredici görünür.
Porsche 99X Electric Almaniyanın Vaysax şəhərindəki Porsche Araşdırma Mərkəzi tərəfindən hazırlanıb və 2023-cü il yanvarın 14-də Formula E-nin doqquzuncu mövsümünün ilk yarışının keçiriləcəyi Mexiko şəhərində debüt edəcək.
Əvvəlki nəsillə müqayisədə maşın daha sürətli, yüngül və güclü, lakin eyni zamanda daha səmərəli alınıb. O, xüsusi olaraq dar şəhər traslarında yarışmaq üçün nəzərdə tutulub, ona görə də onun təkər bazası bir qədər qısaldılıb və bir az eni azaldılıb. Batareyanın ölçüsü kiçilib, lakin eyni zamanda həm gücü, həm də enerji bərpa sisteminin səmərəliliyi artırılıb.
Antoniu Feliks da Coşta: “Yeni avtomobilimiz irəliyə doğru böyük bir addımdır. O, sələfindən daha yüngül və güclüdür və bu, artıq biz sürücülərin məmnuniyyətlə gülümsəməsinə səbəb olur. Mən Porsche zavod komandasında yeniyəm, ona görə də son bir neçə həftə ərzində mühəndislər və mexaniklərlə tanış oluram, komandada öz yerimi tapmağa çalışıram, lakin dərhal özümü kifayət qədər rahat hiss etdim.
Əvvəllər müxtəlif seriallarda yarışdığımız yeni komanda yoldaşım Paskalla da kifayət qədər yaxşı anlaşdıq. Amma indi bizim ümumi məqsədimiz var – Porsche ilə birlikdə yarışlarda və çempionatda qalib gəlmək, çünki bu brend qələbənin sinonimidir. Yeni nəsil maşınla birlikdə buna mümkün qədər tez nail olmağa çalışacağıq”.
Paskal Verlyayn: “Porsche 99X Electric-in sınaqları zamanı avtomobilin nə qədər yaxşı olduğunu dərhal hiss etdim. Biz çoxlu məlumat topladıq və xeyli irəliləyiş əldə etdik. Başlamaq üçün optimal parametrləri tapmaq lazım idi, lakin tezliklə biz sürət və əlbəttə ki, səmərəlilik üzərində işləməyə başladıq, çünki bu, uğurun asılı olduğu əsas amildir.
Bu, çox maraqlı iş idi və mövsümün başlanmasına qalan vaxt ərzində biz yeni nəsil maşını daha yaxından tanımağa çalışacağıq ki, Mexiko şəhərində baş tutacaq çempionatın ilk yarışına yaxşı hazırlaşaq…”