Pol Rikar trasında Fransa Qran Prisinin tarixi

2018-ci ilə onillik fasilədən sonra Fransa Qran Prisi çempionatın təqviminə qayıdacaq. Milli mərhələ üçün fransızlar bu dəfə Pol Rikar trasını seçiblər - keçən əsrin sonunda bu tras Formula1 yarışlarına 14 dəfə ev sahibliyi edib. F-1.az həmin yarışları xatırlayıb...

1971-ci il

Mövsümün 5-ci yarışı Ceki Styuart üçün uğurlu alınmışdı. Britaniyalı sürücü mövsümdə 3-cü qələbəsini qazanmaqla ikinci tituluna doğru vacib addım atmışdı. Ceki pouldan start almış, 55 dövrə liderlik etmiş və sürətli dövrəyə imza atmaqla qələbəyə sevindiyi üçün karyerasında 3-cü Böyük Dəbilqəsini də rəsmiləşdirmişdi. Onun komanda yoldaşı, yerli sürücü Fransua Sever finiş xəttini 2-ci keçdiyi üçün Tyrrell komandası dubl edərək Mühəndislər Kubokunda Ferrari-ni qabaqlayaraq birinciliyi ələ keçirmişdi. Zədəsini sağaldaraq Lotus-a qayıdan Emerson Fittipaldi podiumun son pilləsinə qalxmışdı.

French Grand Prix, Jackie Stewart, 1971
Fransa Qran Prisi, Ceki Styuart, 1971-ci il

 

1973-cü il

Mövsümün 8-ci yarışı çox maraqlı alınmışdı. Poulun sahibi Ceki Styuart elə startdaca Codi Şekter və Ronni Petersonu irəli buraxmışdı. Afrikalı sürücü 41-ci dövrəyədək liderlik etmişdi, amma sonra mövsümün lideri Emerson Fittipaldi ilə toqquşaraq arxa asılqanını sındırmışdı. Codi mübarizəni dayandırdıqdan sonra Ronni karyerasında ilk qələbəsini qazanmışdı. Styuart isə təkərləri tez yeyildiyi üçün podium uğrunda mübarizəyə girişə bilməmişdi – Fransua Sever yenə də doğma trasda ikinci olmuşdu, podiumun son pilləsini isə Karlos Röyteman qazanmışdı. Styuart finiş xəttini 4-cü keçsə də, çempionatda 1 xal üstünlüklə liderliyi ələ keçirmişdi. Petersonun qələbəsi isə Lotus-u Mühəndislər Kubokunda zirvəyə yüksəltmişdi.

French Grand Prix, Ronnie Peterson, 1973
Fransa Qran Prisi, Ronni Peterson, 1973-cü il

 

1975-ci il

Mövsümün 9-cu yarışı Ferrari komandası üçün uğurlu alınmışdı. Komandanın gənc sürücüsü Niki Lauda pouldan start alaraq finişə qədər liderlik etmiş və mövsümdə 4-cü qələbəsini qazanmışdı. Hesketh komandasının sürücüsü Ceyms Hant 2-ci, McLaren-dən Yoxen Mass isə 3-cü olmuşdular. Çempionatda Lauda və Ferrari mövqelərini möhkəmlətmişdilər.

French Grand Prix, Niki Lauda, 1975
Fransa Qran Prisi, Niki Lauda, 1975-ci il

 

1976-cı il

Mövsümün 8-ci yarışı yenə də Niki Lauda və Ceyms Hantın gərgin mübarizəsi ilə yadda qalmışdı. Sıralanma turunda Hant mövsümün liderini qabaqlasa da, startda Lauda yerindən yaxşı tərpənərək ilk döngəyə birinci girmişdi. 8-ci dövrəyədək Hantın hücumlarından müdafiə olunan Nikinin maşınında Ferrari motoru dağılmışdı və bundan sonra Ceyms sadəcə maşını finişə çatdırmağa çalışmışdı. Yerli sürücü Patrik Depaye Tyrrell üçün mövsümdə növbəti podimu qazandırmış, Con Uotson isə Penske komandasına tarixin ilk podium sevincini bəxş etmişdi.

French Grand Prix, James Hunt, 1976
Fransa Qran Prisi, Ceyms Hant, 1976-cı il

 

1978-ci il

Mövsümün 9-cu yarışı Lotus komandasının növbəti dublu ilə başa çatmışdı. Sıralanma turunda 2-ci və 5-ci olan Mario Andretti və Ronni Peterson elə startdaca rəqiblərini üstələmişdilər. Mario karyerasında 10-cu, mövsümdə 4-cü qələbəsini qazanaraq çempionatda mövqeyini möhkəmlətmişdi. Podiumun son pilləsinə Ceyms Hant qalxmışdı – britaniyalı sürücü karyerasında son podiumunu qazanmışdı.

French Grand Prix, Mario Andretti, 1978
Fransa Qran Prisi, Mario Andretti, 1978-ci il

 

1980-ci il

Mövsümün 7-ci yarışı yerli azarkeşlər üçün əsl bayrama çevrilmişdi. Hələ şənbə günü sıralanma turunda ilk 3 yeri yerli sürücülər tutmuşdular. Jak Laffit Ligier komandası üçün növbəti poulu qazanmışdı, Renault komandasından Rene Arnu ikinci olmuşdu. Laffitin komanda yoldaşı Didye Pironi Williams-dan Alan Consu qabaqlamışdı. Amma bazar günü sevinən məhz avstraliyalı sürücü olmuşdu – Laffit startda liderliyini qorusa da, təkərlərinin tez yeyilməsi üzündən 34-cü dövrədə Conu qələbəyə buraxmışdı, daha sonra komanda yoldaşı Pironi də onu keçmişdi. Bu qələbədən sonra Cons çempionatda Nelson Pike və Rene Arnunu qabaqlayaraq liderliyi ələ keçirmişdi.

French Grand Prix, Alan Jones, 1980
Fransa Qran Prisi, Alan Cons, 1980-ci il

 

1982-ci il

Mövsümün 11-ci yarışı yerli azarkeşlər üçün əsl bayrama çevrilmişdi. 1979-cu və 1981-ci illərdə Dijonda keçirilmiş Fransa Qran Prilərində fransalı sürücülər (Jan Pyer Jabui və Alen Prost) qalib gəlmişdilər. Amma bu dəfə bayram etməyə səbəb çox idi. Əvvəla, şənbə günü Rene Arnu Renault-nun sükanı arxasında poul qazanmışdı. Onun arxasında isə komanda yoldaşı Alen Prost və Ferrari-dən Didye Pironi yer almışdılar. Startda Rene mövqeyini qorusa da, artıq 3-cü dövrədə Rikardo Patreze liderliyi ələ keçirmişdi. 7-ci dövrədə motoru yanan italiyalı sürücü liderliyi Nelson Pikeyə verməli olmuşdu. Bu zaman arxada komanda yoldaşları – Rene və Alen arasında gərgin mübarizə gedirdi və komanda əmrlərinə məhəl qoymayan Rene gələcək dünya çempionunu ötmüşdü. 23-cü dövrədə Nelsonun da motoru dağıldığı üçün Rene yenidən liderliyə yüksəlmişdi. Son dövrələrdə komandadan Aleni irəli buraxmaq əmri alsa da, əmrə tabe olmamışdı. Podium eynilə sıralanma turunun nəticəsini təkrarlayırdı – fransalı sürücü Fransa komandasında Fransada qalib gəlmişdi, sağında və solunda da həmyerliləri dayanmışdılar. Bu qələbədən sonra Arnunun mövsümün sonunda doğma komandasından gedəcəyi elan olunmuşdu. Çempionatda isə liderliyi Didye Pironi davam etdirirdi.

French Grand Prix, Rene Arnoux, 1982
Fransa Qran Prisi, Alen Prost, Rene Arnu, Didye Pironi, 1982-ci il

 

1983-cü il

Mövsümün 3-cü yarışında Alen Prost mövsümdə ilk qələbəsini qazanmışdı. Şənbə günü Alen vətənində Renault-ya növbəti poulu qazandırmışdı. Komandada Rene Arnunu əvəz etmiş Eddi Çever ikinci olmuşdu. Amma yarışda Eddi yerini Nelson Pikeyə verməli olmuşdu. Son 5 ildə 4-cü dəfə idi ki, fransalı sürücü Fransa Qran Prisində qələbə qazanmışdı. Çempionatda Pike liderliyə yüksəlmişdi.

French Grand Prix, Alain Prost, 1983
Fransa Qran Prisi, Alen Prost, 1983-cü il

 

1985-ci il

Bir il əvvəl doğma Reanult-dan McLaren-ə keçən Alen Prost ardıcıl ikinci mövsümündə son yarışda titulu əldən vermişdi. Ona görə də fransızlar bu il “professor”dan qələbə gözləyirdilər. Mövsümün 7-ci yarışı 7-ci ayın 7-ci gününə təsadüf etmişdi. Arxada qalan 6 yarışda iki dəfə birinci və bir dəfə üçüncü olan Prost vətənində də qələbə qazanmağa ümid edirdi. Şənbə günü Prost 4-cü nəticə göstərmiş, onun komanda yoldaşı, keçən il 3-cü titulunu qazanmış Niki Lauda isə 6-cı olmuşdu. Amma 5-ci yerdən start alan Nelson Pike daha yaxşı yerindən tərpənmiş və Prostu keçmişdi. 5-ci dövrədə mövsümün lideri Mikele Alboreto mübarizəni dayandırmışdı. Əvvəlcə Ayrton Sennanı, sonra isə Keke Rosberqi keçən Pike liderliyi ələ alaraq rəqiblərindən uzaqlaşmışdı. Sennanın da mübarizəni dayandırması Prostu podiuma yüksəltmişdi. Çempionatda Prost ikinciliyə yüksəlmişdi.

French Grand Prix, Nelson Piquet, 1985
Fransa Qran Prisi, Nelson Pike, Ayrton Senna, 1985-ci il

 

1986-cı il

Artıq fransızların öz dünya çempionu var idi. Alen Prost keçən mövsümün ikinci yarısını yüksək səviyyədə keçirərək ilk titulunu qazanmışdı. Ona görə də həmvətənləri ondan doğma trasda yeni qələbə gözləyirdilər. Amma çempionatda mübarizə daha da şiddətlənmişdi. Mövsümün 8-ci yarışına Prost Ayrton Sennadan 3 xal geridə, ikinci yerdə gəlmişdi. Şənbə günü hamının artıq adət etdiyi kimi Senna növbəti poulunu da qazanmışdı. Startda ikinci olan Williams-ın sürücüsü Naycel Mənsell daha yaxşı tərpənərək liderliyi ələ almışdı. Senna isə 3-cü dövrədə qəzaya uğrayaraq mübarizəni dayandırmışdı. Qələbəni Naycel bayram etmişdi, podiuma isə Prost və Nelson Pike qalxmışdılar. Çempionatda Prost Mənsell üzərində bir xallıq üstünlüklə liderliyə yüksəlmişdi.

French Grand Prix, Nigel Mansell, 1986
Fransa Qran Prisi, Naycel Mənsell, 1986-cı il

 

1987-ci il

Alen Prost dünya çempionu olana qədər Fransa Qran Prisində iki dəfə qələbə qazanmışdı. Amma titulu qazandıqdan sonra bunu edə bilmirdi. İkiqat dünya çempionu mövsümün 6-cı yarışına Sennanın 2 xal arxasında ikinci yerdə gəlmişdi. Şənbə günü Mənsell Honda turbomotorlarının üstünlüyünü göstərərək asanlıqla poul qazanmışdı. Elə yarış da onun üstünlüyü ilə keçmiş və britaniyalı sürücünün qələbəsi ilə başa çatmışdı. Mənsell Pol Rikarda ardıcıl ikinci qələbəsini qazanmış, Pike və Prost da podiuma qalxmışdılar, amma bu dəfə yerlərini dəyişmişdilər. Senna yarışı 4-cü yerdə başa vurduğu üçün Prost çempionatda fərqi minimuma endirmişdi.

French Grand Prix, Nigel Mansell, 1987
Fransa Qran Prisi, Naycel Mənsell, 1987-ci il

 

1988-ci il

Mövsümün 7-ci yarışına Alen Prost çempionatın lideri kimi gəlmişdi – yerli sürücü komanda yoldaşı Ayrton Sennanı 12 xal qabaqlayırdı. Arxada qalan 6 yarışda hərəyə 3 qələbə qazanan McLaren sürücüləri bu dəfə də qələbəyə əsas namizəd idilər. Prost şənbə günü “doğma divarlar” arasında Sennanı sıralanma turunda yarım saniyə qabaqlamışdı. Bu poul “professorun” iki ildən sonra ilk poulu idi, həm də Sennanın 7 ardıcıl pouldan ibarət seriyasına son qoymuşdu. İlk döngəyə əsas rəqibinin önündə girən fransalı sürücü finişdə də birinci olmuşdu – Senna pit-stopdan sonra irəli çıxmışdı, amma ötürmələr qutusundakı problemlər üzündən komanda yoldaşını irəli buraxmışdı. Podiumun son pilləsinə isə Ferrari-dən Mikele Alboreto qalxmışdı.

French Grand Prix, Alain Prost, 1988
Fransa Qran Prisi, Alen Prost, 1988-ci il

 

1989-cu il

Keçən mövsümü komanda yoldaşına uduzan Alen Prost mövsümün 7-ci yarışına Ayrton Senna üzərində 2 xallıq üstünlüklə gəlmişdi. Arxada qalan 6 yarışda bir dəfə qələbə qazanan Prost stabil podiumda finiş gördüyü üçün 3 qələbə qazanan Sennanı hələlik qabaqlayırdı. Yerli azarkeşlər Sennaya “xalq düşməni” kimi baxırdılar. Prost bir il əvvəl olduğu kimi şənbə günü yenə də Sennanı üstələdi – bu dəfə sıralanma turunda onun üstünlüyü cəmi 0.025 saniyə olmuşdu. İlk startda çoxsaylı qəza olduğu üçün təkrar start verildi, bu zaman Senna yerindən tərpənə bilmədi. Prost isə mövsümdə ikinci qələbəsini qazanmaqla çempionatda üstünlüyünü 11 xala çatdırmışdı. Pit yolundan start alan Naycel Mənsell ikinci olmuşdu, Pikardo Patreze isə finiş xəttini 3-cü keçmişdi.

French Grand Prix, Alain Prost, 1989
Fransa Qran Prisi, Alen Prost, 1989-cu il

 

1990-cı il

Əzəli rəqibi Ayrton Senna üzərində qələbə qazanmaqla 3-cü titulunu rəsmiləşdirdikdən sonra Alen Prost Ferrari komandasına keçmişdi. Mövsümün 7-ci yarışına Senna 3 qələbə hesabına fransalı sürücü üzərində 8 xallıq üstünlüklə gəlmişdi. Şənbə günü Prostun komanda yoldaşı Naycel Mənsell poul qazanmış, Senna 3-cü, Prost isə 4-cü nəticə göstərmişdilər. Yarışın gedişində isə maraqlı hadisə yaşanmışdı – Leyton House komandasının sürücüləri Mistral düzlüyündə hamıdan sürətli olduqları üçün tezliklə liderliyə yüksəlmişdilər. İvan Kapelli və Maurisio Qujelmin yarışın ortasında ən yaxın rəqiblərini 20 saniyədən çox qabaqlayırdılar. 58-ci dövrədə Maurisio motor problemləri üzündən mübarizəni dayandırmalı olmuşdu. Yarışın sonunda isə İvan da oxşar problemlərlə üzləşmişdi. Sürətini azaldan italiyalı sürücünü Alen Prost finişə 3 dövrə qalmış keçə bildi. Bu, Prostun Fransa Qran Prisində 5-ci, Pol Rikarda 4-cü və ardıcıl 3-cü qələbəsi idi. İlk iki qələbə Renault, sonrakı iki qələbə McLaren və son qələbə isə Ferrari maşını ilə qazanılmışdı.

French Grand Prix, Alain Prost, 1990
Fransa Qran Prisi, Alen Prost, 1990-cı il

 

Bu yarışdan sonra Fransa Qran Prisi 2008-ci ilədək Manyi Kur trasında keçirildi. Alen Prost Williams komandası ilə 1993-cü ildə Fransa Qran Prisindəki qələbələrinin sayını 6-ya çatdırdı. 2006-cı ildə Mixael Şumaxer Manyi Kurda 8-ci qələbəsini qazanmaqla Prostun nəticəsini yaxşılaşdırdı…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*