F-1.az Autograph.az-a istinadən bildirir ki, alman komandasının Yeni Zelandiyadan olan pilotu 1:37.866 dəqiqəlik vaxtı qırmızı bayraqlardan sonra yenidən başlanan sessiyada göstərib. Sessiyanın saxladılmasına səbəbə isə, Toyota TS050 Hybrid sportprototipinin pilotu Kamuyi Kobayaşının gözlənilmədən trasda dayanması olub. Bununla belə, Hartli dünən Nil Yaninin göstərdiyi vaxtı üstələyə bilməyib. Ən maraqlısı odur ki, qırmızı bayraqların göstərilməsindən əvvəl liderliyi Toyota komandasının digər pilotu Stefan Sarrazan ələ keçirbmiş. Nəticədə, Stefan Hartliyə cəmi 0,387 saniyə uduzub. Bu o deməkdir ki, Toyota komandasının tempi keçənilkinə nisbətən hissolunacaq dərəcədə artıb.
Beşinci günü texniki problemlərlə üzləşən Audi Motorsport komandası şənbə günü gündüz sessiyasında ikinci R18 e-tron quattro prototipindən istifadə etməli olub. Komandanın pilotu Marsel Fassler sessiyanı üçüncü vaxtla (1:39.563) başa vurub.
Beşinci və sonuncu sessiyada yenidən Porsche pilotları liderlik ediblər. Ümumiyyətlə, alman komandasının pilotları iki gün ərzində baş tutmuş beş sessiyada rəqiblərinə şans verməyiblər. Eyni zamanda, Audi komandasını üstələyib ikinci yeri tutmuş Toyota Motorsport komandasının TS050 sportprototipi uğurlu debütü ilə hər kəsi təəccübləndirə bilib.
LMP1 kateqoriyasında çıxış edən özəl komandalar arasında ən yüksək nəticə göstərən komanda Rebellion Racing komandası olub. Bu komandanın pilotları Mateo Tuşer və Nelsinyo Pike birinci və ikinci yeri tutaraq, Olivye Uebbin başçılıq etdyi Bykolles komandasının heyətini üstələyiblər.
LMP2 kateqoriyasında günün tempini Rusiya komandası G-drive təyin edib. Komandanın pilotu Roman Rusinov dövrəni 1:47.024 dəqiqə ilə başa vuraraq liderliyə yüksəlib. GTE Pro kateqoriyasında `Ford Chip Ganassi, GTE Am kateqoriyasında Gulf Racing komandası liderlik edib.
Çempionat iştirakçıları növbəti dəfə aprelin 17-də Siverstounda mövsümün ilk yarışı olan “Silverstounun 6 saatı” marafonunda üzbəüz gələcəklər.