Hazırda 5 növ slik var – Hard, Medium, Soft, SuperSoft, UltraSoft. Hər yarış üçün onlardan üçü seçilir. Pirelli bu il daha enli təkərlər hazırlayıb. F-1.az xatırladır ki, Hard tərkib mövsüm ərzində yalnız bir dəfə – İspaniyaya gətirilmişdi. Sürücülər dərhal etiraz edərək Hard təkərlərin çox sərt olduğunu bildirmişdilər. Gələn il isə vəziyyət fərqli olacaq.
Mario İzola: “Yeni təkərlərin konstruksiyası məlumdur və biz onları sentyabrın ilk gününə qədər komandalara göndərmişik. Arxa və ön təkərlərdə dəyişikliklər olacaq və biz tezliklə əlavə məlumat verəcəyik. Əlbəttə, biz tərkiblər üzərində işləyirik və onların daha yumşaq olmaları üçün çalışırıq. Bir il əvvəl vəziyyət fərqli idi. Biz təkərlərin ölçülərini dəyişirdik və onları köhnə maşınlarla test edə bilirdik. Buna görə də, sığortalanmaq üçün təkərləri bir qədər sərt hazırlamışdıq.
Builki Soft təkərlərlə gələnilki Medium təkərlər eyni sərtlikdə olacaqlar. Bundan əlavə, biz tərkiblərin sayını artırmaq niyyətindəyik. Bu qərarımız demək olar ki, qətidir, lakin həftəsonlarında hansı qərarlar qəbul ediləcək, bilmirik. Çünki idman reqlamenti dəyişmir və biz yenə də hər yarışa 3 müxtəlif tərkib aparacağıq”.