F-1.a xəbər verir ki, Pirelli bu mövsüm üçün ikilaylı təkərlər istehsal edib. Beləliklə, təkərlər müəyyən qədər yeyildikdən sonra sürətdə kəskin fərq yaranacaqdı. Amma Barselonadakı testlərdən sonra istehsalçı bildirib ki, yeni təkərlər arasındakı performans fərqi istənilən səviyyədə deyil.
Pirelli Motorsport-un başçısı Pol Hembri bu barədə açıqlama verib: “Böyük ehtimalla təkərlərin komponentləri istədiyimiz performans itkisinə icazə vermir. İstədiyimiz effekti verməsi üçün təkərlərin komponentlərini dəyişdirməliyik”.
Pirelli gələn il üçün daha elastik təkərlər istehsal edərək, termal aşınmanı azaltmaq istəyir. Hembri bildirib ki, laylı təkər ideyası yaxşı işləsə, 2017-ci ildəki planlarında onlara kömək edəcək: “Biz komponentləri dəyişdirəndə istəyirdik ki, təkərlər bir az yeyildikdən sonra bolidlərin sürəti azalsın. Belə olan halda, pilotlar daha çox pit-stop edəcəklər. Biz 2017-ci ildə daha az yeyilən və daha çox termal növü olan təkərlər istehsal etmək istəyirik. Çünki biz istəyirik ki, təkərlərin həm struktur komponentləri, həm də mexaniki komponentləri aşınsın. Əgər sizin performansınız zəifləsə, siz məcbur olacaqsınız ki, təkərlərinizi dəyişəsiniz”.