Pirelli gələn ilin təkərlərini təqdim edib

Növbəti mövsümdən etibarən Formula1-də daha enli təkərlərdən istifadə olunacaq. Pirelli şirkətinin hazırladığı yeni təkərlər indikilərlə müqayisədə 25% daha enli olacaq - ön təkərlərin eni 245 mm-dən 305 mm-ə, arxa təkərlərin eni isə 325 mm-dən 405 mm-ə qədər artacaq.

F-1.az xatırladır ki, Mercedes AMG, Red Bull və Ferrari komandaları avqust ayından etibarən yeni təkərləri müxtəlif traslarda test etmişdilər. Əbu Dabi Qran Prisindən sonra – gələn həftə Yas Marina trasında bütün komandalara yeni təkərlərlə işləmək imkanı veriləcək.

Bu gün isə Əbu Dabidə yeni təkərlərin təqdimatı keçirilib. Pirelli Motorsport-un rəhbəri Pol Hembri və idman direktoru Mario İzola jurnalistlərin müşayiəti ilə təkərlərin üzərindən örtüyü qaldırıblar. Sürücülər gələn mövsüm yenilənmiş aerodinamika və enli təkərlərlə daha sürətli dövrələr vuracaqlar.

Pol Hembri: “Qarşımıza məqsəd qoymuşuq – gələn il sürücülər 2016-cı illə müqayisədə 4-5 saniyə daha sürətli olacaqlar. Biz təkərlərin hesabına üç saniyə qazandıra bilərik, qalan fərq isə aerodinamikanın hesabına olmalıdır. Təbii ki, fərqlər trasdan trasa müxtəlif olacaq.

Biz komandalara gələn il yarışacaqları maşınlar barədə verdikləri məlumatlara və testlərdə göstərdikləri köməklərə görə minnətdarıq. Onlar gələn ilin reqlamentinə uyğunlaşdırılmış 2015-ci ilin maşınları ilə testlərdə iştirak etdilər. Hesablamalarımıza görə, onlar gələn ilin maşınlarından 20% daha az asfaltayatma qüvvəsi hasil edirlər. Lakin yenə də etdikləri kömək əvəzsizdir. Bu, bir başlanğıcdır. Fevraldan sonra biz yeni maşınlarla işləyib görəcəyik və dəyişikliklər etmək lazım gələrsə, edəcəyik.

Təkərlərimizin tərkibləri də yenilənib. Yeni təkərlərin işçi diapazonu daha geniş olacaq. Onlar temperatur dəyişikliyinə qarşı daha az həssaslıq göstərəcəklər. Biz hər üç komandanın testlərdə əldə etdikləri nəticələrdən istifadə edərək təkərləri inkişaf etdirmişik. İndi bu barədə ətraflı danışa bilmərik. Əsas cavabları fevralda alacayıq. 2017-ci il daha yaxşı təkərlərdən istifadə olunacaq 2018-ci il üçün keçid xarakteri daşıyacaq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*