F-1.az xəbər verir ki, proqramın altı 20 dəqiqəlik hissəsinin hamısı Pirelli-nin yutub kanalında yayımlanacaq və artıq “Sürət” mövzusuna həsr olunmuş ilk hissəni izləmək mümkündür. Növbəti seriyalar “Məşqlər”, “Məqsədyönlülük”, “Vaxt”, “Adrenalin” və “Çağırış” adlanır.
Bütün bölümlərdə tamaşaçı ən parlaq və maraqlı paddok personajlarını, eləcə də müasir Formula1-in simasını müəyyən edən insanları görəcək. Şounu Formula1 və FİA ilə uzun müddət əməkdaşlıq edən tanınmış britaniyalı jurnalist Tom Klarkson aparır. İlk hissədə onun həmsöhbətləri Red Bull sürücüsü və üçqat dünya çempionu Maks Ferstappen, FİA-nın açıqtəkərli yarış maşınları üzrə direktoru Nikolas Tombasis və McLaren komandasının rəhbəri Andrea Stella olublar.
Maks Ferstappenin Tom Klarksonla söhbətində belə bir məqamvar: “Formula1 maşınının sürətini tam olaraq nə vaxt hiss edirsiniz?” sualına cavab olaraq, hazırkı dünya çempionu zarafatla deyib: “Divara çırpılanda!”
Növbəti bölümlərdə Şarl Lekler, Valteri Bottas, Aleks Əlbon, FİA prezidenti Muhəmməd ben Sulayem, Formula1 prezidenti Stefano Domenikali, Kristian Horner, Günter Ştayner və digər tanınmış insanlar görünəcəklər.
Pirelli-nin mətbuat xidmətinin rəhbəri Luka Kolayanni bugünkü premyeranı belə şərh edib: “Bu, Formula1-də karyeram boyunca üzərində işlədiyim ən əyləncəli və gözəl layihələrdən biridir. Tom Klarksona əməkdaşlığa, Pirelli və onun idman bölməsinə isə bütün bunları reallaşdırdıqlarına görə təşəkkür edirəm!”