F-1.az xəbər verir ki, Red Bull komandasının meksikalı sürücüsü hesab edir ki, titul uğrunda Maksla mübarizə aparmaq üçün ayrı-ayrı yarışlarda əldə olunan nəticələr deyil, mövsüm boyu stabillik vacib olacaq…
Serxio Peres: “Hər şey mövsüm boyu ardıcıl nəticələrə bağlıdır. On beş qələbə qazana bilərsən, amma qalan yarışlarda bolidi vursan və yaraışdan kənar qalsan, onda bu on beş qələbə titul qazanmaq üçün kifayət etməyəcək. Ona görə də mən hesab edirəm ki, müəyyən sabitlik səviyyəsinə nail olmaq və onu yarışdan yarışa saxlamaq vacibdir.
Təbii ki, titul qazanmaq istəyirəmsə, o zaman nəticələrin sabitliyini qorumaqla hər həftəsonu Maksdan öndə olmalıyam. Çox sürətli maşınımız var, sükan arxasında rahatam və əla işləyirəm.
Mən maşına güvənirəm və komandanın sadiq qaldığı inkişaf səviyyəsini nəzərə alaraq ondan maksimum yararlana biləcəyimi düşünürəm. Düşünürəm ki, mövsümün sonuna qədər titul uğrunda mübarizədə qalmaq vacibdir”.