F-1.az xəbər verir ki, əvvəlcədən də məlum idi ki, İndoneziyanın paytaxtı Cakartanın turizm bögələrindən birində salınmış süni trasda ötmə etmək çətin olacaq.
Hələ keçən il təqvim də debüt etmiş trasda cəmi bir düzlük və 18 döngə mövcuddur, ona görə də startda ilk yeddilikdə mövqe dəyişikliyi olmayıb. Əsas mübarizə sürücülər hücum modunu aktivləşdirməyə başlayandan sonra qızışıb.
Pouldan start alan Maserati-nin sürücüsü Maksimilian Günter hücum moduna qədər liderliyini davam etdirib. Daha sonra liderliyə yüksələn rəqibləri də eyni addımı da atdıqdan sonra liderliyə qayıdıb. Amma indi onun təqibçiləri dəyişiblər. Gənc almaniyalı sürücü ikinci dəfə trayektoriyadan çıxaraq hücum modunu aktivləşdirdikdən sonra liderliyə qayıda bilməyib.
Bir çox yerdəyişmələrdən sonra Porsche komandasının almaniyalı sürücüsü Paskal Verlyayn liderliyi ələ keçirib. Andretti komandasının sürücüsü Ceyk Dennis onu sıx təqib edib. Hər iki maşında Porsche güc qurğusu çalışdığı üçün ötmə etmək qeyri-mümkün olub. Ceykin batareykalarında daha çox enerji qalsa da, britaniyalı sürücü üstünlüyünü reallaşdıra bilməyib.
Beləliklə, Paskal Verlyayn mövsümdə 3-cü qələbəsini qazanıb. Dennis isə finişdə 2-ci olub. Pouldan start alan Maksimilian Maserati-yə mövsümdə 2-ci podium sevinci yaşadıb.
Bu qələbə ilə Paskla çempionatda Nik Kəssidi ilə fərqi 2 xala salıb. Dennis də Paskala 12 xal uduzur.
Sabah Cakartada mövsümün 11-ci yarışı baş tutacaq.