F-1.az xəbər verir ki, bu gün 100-cü yarışına çıxan Sebastyen Buemi 15-ci poulunu qazanıb – bu nəticə rekord sayılır və Buemi həmkarı Jan Erik Vernə çatıb. Yeri gəlmişkən, bu gün Vern də 100-cü yarışında start alıb.
Buemi ilə ilk cərgəni McLaren komandasından Ceyk Hyuz bölüşüb, ikinci cərgədən isə yarışa Səm Börd və Dən Tiktum başlayıblar.
Yarışın startında bu dördlükdə dəyişiklik olmayıb. İlk dövrədə bəzi döngələrdə maşınların təması olduğu üçün trasa Təhlükəsizlik Maşını çıxıb, amma tezliklə də yerinə qayıdıb.
Restartdan sonra sürücülər aktiv hərəkətlərə başlayıblar – uzun düzlük ötməyə imkan verdiyi üçün arxa cərgələrdə ötmələr reallaşmağa başlayıb.
Elə liderlər də boş dayanmayıblar – Börd 5-ci dövrədə Hyuzu, 8-ci dövrədə isə Buemini ötərək liderliyi ələ alıb. Daha sonra Buemini Hyuz da arxada qoyub.
15-ci dövrədə Buemi əks-hücumla mövqeyini geri qaytarıb, arxada isə 9-cu yerdən start almış Paskal Verlyayn 4-cü yerə yüksəlib. Paskal 22-ci dövrədə Hyuzu, 24-cü dövrədə Buemini də keçərək Səmə aktiv hücumlar etməyə başlayıb.
Nəhayət, 31-ci dəvrədə almaniyalı sürücü liderliyə yüksələ bilib. 35-ci dövrədə isə 12-ci yerdən start almış keçən yarışın qalibi Ceyk Dennis ikinciliyə yüksəlib və finiş xəttinə qədər Paskalı sıx təqib edib.
Beləliklə, bu dəfə Paskal 1-ci, Ceyk isə 2-ci olub. Almaniya sürücü Porsche-nin zavod komandasını təmsil edir, Andretti komandasının maşınında da elə bu mühərrik çalışır. Yəni mövsümün hər iki yarışı Porsche mühərrikinin dublu ilə başa çatıb.
Sabah Diriyahda mövsümün 3-cü yarışı baş tutacaq.