Paris-Ruan: ilk yarışın tarixi

Bu gün heç kim ilk avtomobil yarışının nə zaman baş tutduğunu deyə bilməz. Çox güman ki, bu yarış artıq ikinci maşın istehsal olunan kimi baş tutub. Amma böyük bir şəhərdən digər böyük bir şəhərə qədər baş tutan ilk Böyük Mükafat (Grand Prix) yarışı tarixin yaddaşında dəqiq yerini tutur. Məhz bu yarış bugünkü avtoidmanın doğum günü sayılır. F-1.az bu tarixi hadisənin gedişini sizə təqdim edir...

Hər şey Parisdə dərc olunan Le Petit Journal həftəliyindən başlayır. 1893-cü il dekabrın 19-da işıq görən qəzetin növbəti sayının ilk səhifəsində gələn ilin yayında baş tutacaq böyük bir yarışın elanı verilir. Parisdə başlayıb Ruanda başa çatacaq bu yarışın təşəbbüskarı və təşkilatçısı kimi qəzetin baş redaktoru Pyer Jiffar çıxış edir. Maraqlıdır ki, bir neçə il əvvəl Pyer əfsanəvi Paris-Brest-Paris veloturunu və günümüzədək keçirilən məşhur Paris marafonunu təşkil etmişdi. Ona görə də təşkilati işlərə bələd olan Pyer ilk növbədə yarışın reqlamentini tərtib etməyə başladı. Yarışda ancaq “atsız” arabaların iştirakına icazə verildi, digər tələblər arasında isə idarəetmənin asanlığı, təhlükəsizlik və yanacağa qənaətcillik irəli sürülmüşdü.

Yarışa qatılmaq üçün ərizələrin təqdim edilməsi üçün son tarix 30 aprel 1894-cü il təyin olunmuşdu və mayın 1-də məlum oldu ki, 102 heyət yarışda iştirak etmək istəyir. Beş xarici idmançının müraciəti isə yarışın beynəlxalq status almasına səbəb olmuşdu. Ərizə təqdim etmiş hər bir iştirakçı 10 frank üzvlük haqqı ödəməli idi. Yarışın mükafat fondu üçün 10 min frank ayrılmışdı – qalibə 5 min, 2-ci yerin sahibinə 2 min, 3-cü yerə görə 1500, 4-cü yerə görə min və 5-ci yerə görə 500 frank verilməsi nəzərdə tutulmuşdu. Vəsaiti isə təşkilatçı qəzetin milyoner sahibi İppolit Oqüst Marioni ayırmışdı.

Reqlamentə görə, iştirakçılar start ardıcıllığını müəyyən etmək üçün iyulun 19-dan 21-dək sıralanma turu çərçivəsində 4 saat ərzində 50 km məsafə qət etməli idilər. Yarış ayın 22-nə təyin olunmuşdu və 10.5 saat ərzində Parisdə başlayıb Ruanda başa çatmalı idi – Mant şəhərində saat yarımlıq fasilə isə sürücülərin nahar etməsinə ayrılmışdı.

İyulun 19-da məlum oldu ki, 102 idmançıdan yalnız 25 sürücü sıralanma turunda iştirak edəcək – müəyyən səbəblərdən 77 idmançı Parisə gəlməmişdi. Sıralanma turunda isə daha 4 sürücü mübarizəni dayandırdı. Maraqlıdır ki, nasazlıq üzündən mübarizəni dayandıran sürücülərdən biri Arman Pejo idi, onun hansı avtomobili idarə etməsi isə hamıya yəqin ki, məlumdur.

İyulun 22-də səhər saat 8-də Parisin Porte Meyo meydanından 21 maşın yarım dəqiqəlik intervalla Mant şəhərinə yollandı. Nahar üçün nəzərdə tutulmuş restorana qrafikdən əvvəl Peugeot-nun sürücüsü Jorj Alber Lemetr çatdı. Bir neçə dəqiqə sonra qraf Jül Alber de Dion özünün De Dion Bouton maşınını restoranın önündə saxladı. O dövrün ən məşhur avtomobil konstruktoru Emil Levassor şəriki ilə birlikdə hazırladığı Panhard-Levassor-la ilk mərhələni 3-cü başa vurdu. Peugeot-nun mühəndisi Oqüst Dorio da Manta saat 12:00-dan tez çatanlar arasında idi. İştirakçılardan biri isə Manta yetişə bilmədi.

Yerli vaxtla saat 13:30-da iştirakçılar yarışın ikinci mərhələsinə yollandılar. Bu dəfə məsafə uzun olduğu üçün daha 3 sürücü yolda qaldı və cəmi 17 idmançı tarixin ilk yarışında finiş gördü. Finiş xəttini isə birinci buxar mühərrikli De Dion Bouton avtomobilinin sürücüsü qraf de Dion keçdi. Peugeot-dan Lemetr 2-ci, Dorio isə 3-cü oldular.

Amma yarışın təşkilatçıları qrafın maşınında ciddi reqlament pozuntusu aşkarladılar – əslində, reqlamentdə belə bir bənd yox idi, amma qrafın maşınında mexanikin olmaması təhlükəsizlik baxımından çatışmazlıq kimi dəyərləndirildi və avtoidman tarixində ilk yarışın qalibi Peugeot-nun sürücüsü Jorj Alber Lemetr elan olundu.

Beləliklə, əsası Fransada qoyulan avtoidmanın ilk qalibi də fransız avtomobili və fransız sürücüsü oldu.

P.S. Qələbəsi əlindən alınan qraf de Dion yarışın təşkilatçısı Jiffardan qisas almaq üçün təsis etdiyi Tur de France veloturu hələ də keçirilməkdədir…

P.P.S. Yarışda orta sürət göstəricisi 17 km/saat müəyyən olunmuşdu…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*