Palou Detroyt küçələrində qəzalarla zəngin yarışda qalib gəlib

Ganassi komandasının ispaniyalı sürücüsü bir aydan az müddətdə ikinci dəfə ən güclü olmaqla ümumi sıralamada rəqiblərindən xeyli uzaqlaşıb.

F-1.az xəbər verir ki, Amerikanın məşhur İndyCar Seriyasının yeddinci mərhələsi sanki iki fərqli yarışdan ibarət olub – Aleks Palou pouldan start alıb və ilk hissədə liderliyini qoruyub, halbuki onun arxasında daim hər cür hadisələr elə ilk andan baş verib.

Təxminən məsafənin yarısında məlum olub ki, həmin gün Palou ilə rəqabət apara biləcək yeganə şəxs Vill Pauerdir. Hazırkı çempion hətta 58-ci dövrədə növbəti restart zamanı lideri ötməyə də müvəffəq olub, lakin yeddi dövrədən sonra Aleks status-kvonu bərpa edə bilib və bundan sonra liderliyi daha itirməyib.

Pauer hücuma keçməyə çalışıb, lakin avstraliyalının istənilən səhvindən istifadə etməyə hazır olan bir neçə rəqibin eyni anda sıx arxasında olması onun vəziyyətini çətinləşdirib.

Onlardan biri, Skott Dikson Pauerə arxadan elə vurub ki, az qala onun maşınında mühərrik dayansın. Nəticədə izdihamda Villi geri itələnib, lakin tezliklə ikinci yerə qayıda bilib. Podiumu isə McLaren-dən Feliks Rosenkvist tamamlayıb.

Yarışa ikinci yerdə başlayan Roman Qrojan üçün mübarizə finiş xəttinə 20 dövrə qalmış baryerə zərbə ilə başa çatıb. Həmçinin Kayl Körkvudun yarışı da diqqət çəkib. İndianapolisdə bu yaxınlarda baş vermiş ağır qəzadan sonra amerikalı üçün Detroytdakı yarış daha bir toqquşma ilə başlayıb – onu arxadan Kallum Aylott vurub. Lakin buna və yarış boyunca dörd pit stopa baxmayaraq, Körkvud yenə də altıncı yeri tutmağı bacarıb.

Son üç mərhələdə ikinci qələbəsi Aleks Palounun ümumi sıralamada mövqeyini xeyli möhkəmləndirib. İspaniyalı sürücü artıq 273 xal toplayıb və Detroytda ilk onluğa daxil olan Markus Eriksson (220) və Cozef Nyuqardeni (203) xeyli qabaqlayır.

İndyCar mövsümü iki həftədən sonra əfsanəvi Road America trasında davam edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*