F-1.az xatırladır ki, Verlyayn yanvarda Sauber-ə transfer olunmuş və daha sonra Amerikada keçirilən Çempionlar Yarışında başqa bir Formula1 sürücüsü Massaya çırpılaraq qəza etmişdi. Almaniyalı sürücü qəzadan sonra zədə səbəbilə yarışdan çəkilməli olmuşdu. 22 yaşlı sürücü bir müddət idi ki, həkim müayinəsindən keçirdi. Britaniya mətbuatının yazdığı xəbərlərə görə, həkimlər Verlyayna fevralın 27-də başlayacaq testlərə qatılmağı məsləhət görməyiblər.
Sauber komandası bu barədə hələ açıqlama verməsə də, yaxın günlərdə rəsmi xəbər gələcəyi gözlənilir. Verlyayn martın 7-də başlayacaq ikinci testlərdən əvvəl də həkim müayinəsindən keçəcək.
Bəzi söz-söhbətlərə əsasən, Sauber komandasının rəhbəri Monişa Kaltenborn da boş dayanmır və ilk mövsümöncəsi testlər üçün Antonio Covinatsini Sauber-ə gətirmək istəyir. Hindistanlı rəhbər bunun üçün Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene ilə danışıqlara başlayıb.
Xatırladaq ki, Covinatsi keçən il GP2 seriyasında mükəmməl performans göstərmiş və ikinci olmuşdu. Böyük ehtimalla italiyalı sürücü Verlyaynı əvəz edəcək. Lazım olsa, Covinatsi ikinci mövsümöncəsi testlərdə də iştirak edəcək.
Xatırladaq ki, 23 yaşlı Covinatsi keçən həftə Fyoranoda ilk dəfə Formula1 bolidi sürmüşdü. O, Ferrari-nin 2015-ci il bolidi SF15-T-ni idarə etmişdi…