F-1.az bildirir ki, keçən ilin DTM çempionunun 2017-ci ildə hansı komanda ilə yarışacağı hələ dəqiq deyil. Onun komandada qalacağını düşünənlərlə yanaşı, Mercedes mühərriyindən istifadə edən Force İndia-ya keçəcəyini iddia edənlər də az deyil.
Paskal Verlyayn: “Sadəcə gələn mövsümlə bağlı danışıqların yaxın günlərdə başlayacağını deyə bilərəm. Əvvəl də dediyim kimi, podium uğrunda mübarizə aparan, yarışlar qazanmağa çalışan və mümkün qədər çox xal toplayan bir komandada yarışmaq istəyirəm. Məqsədim mümkün qədər sürətli maşında olmaqdır. Amma istəmək kifayət etmir, nələr baş verəcək – görəcəyik.
Manor-da olmaqdan narazı deyiləm, amma bəzi həftəsonları bizim üçün çox çətin keçir. Ən arxada oluruq və yarışa biləcəyimiz heç kim olmur. Bu il məqsədim gələn ilə hazırlaşmaq idi”.
Mercedes Motorsport-un keçmiş başçısı Norbert Hauq da Paskal barədə xoş sözlər deyib: “Paskal yaxşı bir sürücüdə olan bütün xüsusiyyətlərə sahibdir. Yarışlarını canlı izləmişəm və hətta söhbət də etmişik. Totonun və başqalarının onun inkişafı üçün əllərindən gələni etdiklərinə şübhəm yoxdur. Ona dəstək vermək doğru həmlədir”.