Formula1-in yeni qaydaları, turbo mühərriklərə keçiddən sonra maşınların əvvəlki səslərinin olmaması və Mercedes AMG-nın dominantlığı son illərdə Formula1-ə olan marağı bir qədər azaldıb. Demək olar ki, hər yarışda kimin qalib gələ biləcəyini, podiuma kimlərin yüksələcəyini əvvəlcədən çox rahat proqnozlaşdıra bilirik. Formula1 rəhbərliyinin əvvəlki marağı qaytarmaq üçün göstərdiyi səylər də hələ ki, nəticəsiz qalır.
Gəlin, vəziyyətin belə olduğu bir vaxtda, yaşı 30-dan yuxarı olan Fernando Alonso, Kimi Rəykkönen, Censon Batton kimi çempion sürücülər, Felipe Massa kimi 2008-ci ildə çempionluğu son döngələrdə itirən sürücünün mübarizə aparmadığını təsəvvür edək. Yarışlar daha da maraqsız və darıxdırıcı keçər, elə deyilmi?
1. Gənc sürücülər mübarizə aparmağı onlardan öyrənməlidirlər
Adlarını çəkdiyimiz sürücülərin apardığı mübarizəyə diqqət yetirsək görərik ki, bu sürücülər bir-birilərinə qarşı həmişə sərt, amma ədalətli mübarizə aparırlar. Aralarındakı məsafə millimetrlərlə ölçülsə belə, yenə də eyni templə sürür, amma bir-birilərinə təmas edərək maşınlarına xəsarət yetirmir, zədələnmələrinə səbəb olmurlar.
İndi isə Formula1 karyerasının başlanğıcında olan gənc pilotların mübarizəsinə nəzər salaq: yuxarıda qeyd etdiyimiz kimi yaxın mübarizə onların arasında olduqda, bu, çox vaxt qəza ilə nəticələnir. Bunun dəfələrlə şahidi olmuşuq. Onların qarşısında uzun Formula1 karyerası var və yarışdan-yarışa, mövsümdən-mövsümə daha çox təcrübə toplayacaqlar. Amma onların təcrübə toplaması, öyrənməsi üçün peletonda təcrübəli sürücülərə ehtiyac var. Gənc sürücülər məhz onlardan görməli, onlarla mübarizə apararkən öyrənməlidirlər.
2. Onlar gənc sürücülərin ən yaxşı dəstəkçisi, motivasiya mənbəyidir
Çox uzağa getməyək, 3-4 həftə əvvəl Bəhreyn Qran Prisində Fernando Alonso yarışa çıxa bilmədi. Avstraliyadakı qəzada zədələnmişdi və həkimlər onun Saxirdə sükan arxasına keçməsinə icazə vermədilər. McLaren onun əvəzinə Stoffel Vandornu yarışdırmağı qərara aldı. Yaponiyada olan Stoffel tələsik təyyarəyə minərək Bəhreynə yola düşdü. Onun yeni maşın barədə bildiyi yeganə şey təyyarədə ikən oxuduğu telemetriya məlumatları idi.
Amma həm sərbsət yürüşlərdə, həm sıralanma turunda, həm də yarış günü Alonso onun yanında idi. Ona bolid barədə məlumatlar, düzgün sazlanmaların tapılması üçün məsləhətlər verdi – bir sözlə, ona əvvəldən sonadək dəstək oldu. Nəticədə Stoffel Formula1-də ilk yarışındaca xal qazandı. Hansı ki, bu xal komandanın ilk 3 yarışdakı yeganə xalıdır.
Alonsonun yerində Batton, Rəykkönen və ya Massa da ola bilərdi. Onlar da böyük ehtimalla, Alonsonun atdığı addımı atardılar – özlərini həmin yarışda əvəzləyən gənc sürücüyə yol göstərər, məsləhətlər verər, ona dəstək olardılar.
3. Onlar sponsor cəlb edə bilir və geniş azarkeş kütləsinə sahibdirlər
Formula1 bahalı idman növüdür və burada iştirak etmək komandalara böyük pullar hesabına başa gəlir. Bəzən adi bir aerodinamik yeniliyə böyük pullar xərcləməli olan komandaların gəlirlərində sponsorların böyük payı var. Amma yaxşı sponsor cəlb etmək də hər komandaya nəsib olmur. Bunun üşün mütləq məşhur sürücüyə ehtiyac var. Bu çempionlar komandaların marka dəyərini qaldırır.
Unutmayaq ki, hazırda Formula1 azarkeşlərinin böyük hissəsi məhz bu sürücülərdən birinin azarkeşidir. Bakıda keçiriləcək Avropa Qran Prisinin səfirlərindən olan Fernando Alonso mart ayında Bakıda ikən, bu idmana ölkəmizə marağın hələ ki, çox olmamasına baxmayaraq, geniş azarkeş kütləsi ilə qarşılaşdı. Hər hansı gənc pilot gəlişi ilə belə ajiotaj yarada bilərdi? İnanmıram. Bu sürücülər illərlə qazandıqları uğurlarla, özlərinə xas olan xüsuiyyətləri ilə, sürüş tərzləri ilə bu azarkeşləri toplayıb.
Bəhs etdiyimiz 4 sürücüdən biri 2 qat çempiondur, ikisi isə 1 dəfə titul qazanıb. Dördüncüsü isə, yazının əvvəlində də qeyd etdiyimiz kimi, çempionluğu son döngələrdə itirib. Şübhə yoxdur ki, onlar, bunun daha artığına layiqdirlər. Hər nə qədər karyeralarının müəyyən mərhələlərində qələbələr qazana bilməsələr də, hətta sürdükləri maşına görə xal qazana bilməsələr də, onlar Formula1 üçün çox dəyərlidirlər və bu, onların artıq mübarizə apara bilməməsini göstərmir.
Gəlin onların Formula1-də qalmalı olduqlarını və ya getməli olduqlarını müzakirə etməyi bir kənara qoyaq, yarışlarına baxaq və zövq alaq. Çünki Formula1 karyeralarının qürub çağlarındadılar və idmandan getdikdən sonra biz onları komandaların qarajlarında, pit yolunda, trasda – bir sözlə yarışın və ona hazırlığın getdiyi hər bir yerdə çox axtaracağıq…