Formula1-in “Görəsən”-ləri

Formula1-də baş vermiş bəzi hadisələr sürücülər, komandalar, bəzən də idmanın özü üçün qırılma nöqtəsi olub. Zaman maşınımız olsa və keçmişə gedib bəzi şeyləri dəyişdirə bilsək, bir çox nəticə indikindən fərqli olardı. Lakin olan olub və bunları dəyişdirmək mümkün deyil. Bizə ancaq başımızı yastığa qoyub yata bilmədiyimiz vaxtlarda "Görəsən..." deyə düşünmək qalır.

F-1.az olaraq bu mövzuda aparılan bir neçə analizi təqdim edirik.

 

Mixael Şumaxer Mercedes AMG-də yarışmağa davam etsəydi…

Formula1-ə ikinci dəfə qayıdan Şumaxer çempion olduğu illərdəki çıxışından çox uzaq idi. Bunu həm onun yaşı ilə, həm də Mercedes AMG-nin həmin illərdəki vəziyyəti ilə də əlaqələndirmək olar. 2012-ci ildə yaxşı çıxış edən Mixael hətta Monakoda sıralanma turunda ən yaxşı nəticəni göstərmişdi, lakin əvvəlki yarışdakı insidentə görə verilən 5 yer itirmə cəzası onu qazana biləcəyi bir qələbədən etmişdi. Bəs, görəsən, 2013-cü ildə karyerasını bitirməsəydi nə olardı? 2014-cü ildən dominantlıq edən Mercedes AMG-nin tərkibində bəlkə də səkkizinci çempionluğunu və 100-cü qələbəsəni qazanardı…

 

 Mark Uebber Williams-a yox, Renault-ya keçsəydi…

2004-cü ilin sonunda Jaguar-dan ayrılan Mark Uebberin qarşısında iki variant var idi: ya Williams-a, ya da Renault-ya keçmək. Avstraliyalı Williams-ı seçmişdi və yeni komandasının tərkibində ən yaxşı uğuru 2005-ci ildə Monako Qran Prisində podiuma yeksəlmək olmuşdu. Görəsən 2005-ci və 2006-cı illərin çempion komandası olan Renault-ya keçsəydi necə olardı? Cankarlo Fizikellanın Fernando Alonsoya heç bir müqavimət göstərə bilmədiyini nəzərə alsaq, Uebberin də çempionluq şanslarının çox olacağını demək çətindir. Amma ən azından ilk qələbəsi üçün 7 il gözləməli olmazdı.

 

Bertran Qaşo həbs olunmasaydı…

1991-ci ildə Jordan komandasında çıxış edən Bertran Qaşo Londonda bir taksi sürücüsü ilə arasında baş verən insidentə görə 2 aylıq həbs olunur və komanda Belçika Qran Prisində onun yerinə Mixael Şumaxeri gətirir. Şumaxerin Formula1-də debütü uğurlu alınır – sıralanma turunda yeddinci nəticəni göstərir. Texniki səbəbdən yarışı tamamlaya bilməyən Mixeal növbəti Qran Pridən etibarən Benetton-un tərkibində iştirak edir və nələr əldə etdiyi hamıya məlumdur. Əgər Qaşo taksi sürücüsünə qarşı bir qədər təmkinli ola bilsəydi, çox güman ki, Mixael Formula1-də debütü üçün 1993-cü ildə Sauber komandasının qurulmasını gözləməli olacaqdı. Kim bilir, bəlkə də heç vaxt Formula1-də onu görməyəcəkdik…

 

Robert Kubitsa Rallidə yarışmasaydı…

Formula1 karyerasına 2006-cı ildə başlayan Robert gələcək vəd edən sürücülərdən biri idi. Çıxdığı 76 yarışda 1 qələbə, 1 poul və 12 podium qazanan polşalı boş vaxtlarında rallidə iştirak etməyi sevirdi. Onun 2011-ci il üçün də Renault ilə müqaviləsi var idi. Hətta komandanın maşını ilə testlərə qoşulan Kubitsa fevralın 6-da Andorrada təşkil olunan ralli yarışında qəzaya uğramış və aldığı zədələrdən sonra yeddi saatlıq cərrahiyyə əməliyyatına məruz qalmışdı. Bu zədələr onun Formula1 karyerasının sonu oldu. Komandanın 2011-ci ilin ilk iki yarışında podium qazanması hamıda bu sualı yaratdı: Görəsən Kubitsa bu maşınla nələr edə bilərdi? Düzdür, mövsümün davamında komanda xeyli gerilərə düşdü, lakin növbəti il güclü təsir bağışladı. Həm də Kubitsanı hər bir komanda heyətində görmək istəyərdi. Məsələn, elə o illərdə Massanı alternativ olmadığı üçün komandada saxlayan Ferrari…

 

Mixael Şumaxer McLaren-ə getsəydi…

Ron Dennis 1996-cı ildə əvvəlki iki mövsümün çempionu Mixael Şumaxeri komandaya gətirmək istəsə də, alman sürücü Ferrari-yə keçməyi üstün tutmuşdu. “Şumi” Maranello əvəzinə Uokinqdə olsaydı, 2000-2004-cü illərdə möhtəşəm nəticələr əldə edən Jan Todt – Ross Braun – Mixael Şumaxer üçlüsünü görə bilməzdik, amma Ron Dennis – Ədrian Nyui – Mixael Şumaxer triosu da qulağa xoş gəlir. Bu heyət 1998-2001-ci illərdə bütün titulları silib-süpürə bilərdi. Dennis onu kimin yerinə gətirmək istəyirdi, bilinmir, amma Həkkinen – Şumaxer tandemi bir çox azarkeşi ürək xəstəsi edə bilərdi.

 

Jan Alezi Williams-da qalsaydı…

Karyerasının ilk illərində kiçik komandalardan olan Tyrrell-də istedadını sübut edən Alezi 1991-ci il üçün Williams-la müqavilə bağlamışdı. Lakin sonradan uşaqlıqdan arzuladığı Ferrari-də yarışmaq şansı yaranan sürücü bu müqaviləni pozmuş və italyan komandasının tərkibində çıxış etdiyi 5 il ərzində tiffozilərin ürəyinə yol tapa bilmişdi. Lakin Williams-ın bu müddət ərzində əldə etdiyi dünya çempionluqları və onlarla qələbəni izləmək Alezi üçün bəlkə də asan olmayıb. Özü isə karyerasındakı yeganə qələbəni 1995-ci ildə Kanada Qran Prisində əldə edib…

 

Didye Pironi komanda əmrini dinləsəydi…

1982-ci ildə San Marino Qran Prisində Ferrari sürücüləri yarışı ilk iki yerdə davam etdirirdilər və komandadan onlara yerlərini qorumaları barədə göstəriş verilmişdi. Lakin Didye Pironi buna məhəl qoymamış və yarışın sonuna 2 dövrə qalmış, Jil Vilnövü keçərək qələbə qazanmışdı. Jil buna çox əsəbiləşmiş və Didye ilə bir daha danışmayacağına and içmişdi. Növbəti yarış Belçikada – Zolderdə keçirilirdi və kanadalı sürücü Didyeni keçmək üçün sıralanma turunda olduqca aqressiv sürürdü. Bu isə ölümcül qəza ilə nəticələndi və Formula1 tarixinin ən istedadlı sürücülərindən biri titul qazana bilmədən həyata gözlərini əbədi yumdu. Bir neçə yarış sonra isə Pironinin qəzada ayaqları sındı və Formula1 karyerasını bitirməli oldu. Pironi komanda əmrini dinləsəydi Jil bəlkə də ölməzdi və hər iki sürücü həmil il və gələcəkdə çempionluqlar əldə edə bilərdilər…

 

Fernando Alonsonun karyerası 2003-cü ildə Braziliya Qran Prisində bitsəydi…

Belə qəzalar çox olub, lakin qəzanın ciddiliyini və baş verdiyi vaxta nəzər salsaq görərik ki, Alonso karyerasını bitirsəydi, hər şey fərqli ola bilərdi. Növbəti illərdə çempionluqlar qazanan sürücü cəmi 2 podiumla tarixin yaddaşına köçə bilərdi. Renault da onun əvəzinə güclü sürücü tapmasaydı, çox güman ki, 2005-ci ildə Kimi Rəykkönen ilk, 2006-cı ildə isə Mixael Şumaxer səkkizinci titulunu qazanardı…

 

Fernando Alonso Red Bull-un təklifini qəbul etsəydi…

İspan sürücü Red Bull-dan ona 2008-ci ildə təklif gəldiyini, lakin rədd etdiyini demişdi. Əgər Fernando Red Bull-a keçsəydi, bəlkə də 2009-cu ildə çempionluq uğrunda Censon Battonla mübarizə aparardı. Növbəti dörd ildə də asanlıqla çempion ola və titul sayında Mixael Şumaxerə çata bilərdi. İndi də Formula1 tarixinin ən yaxşılarından biri hesaqb edilən Fernando əfsanə sürücülərin sırasına öz adını qızıl hərflərlə yazdıracaqdı…

 

Jül Byanki ölməsəydi…

Jül Byanki 2014-cü ildə keçirilən Yaponiya Qran Prisindəki qəzada komaya düşmüş, 9 ay sonra isə ölmüşdü. Marussiada-kı çıxışı ilə hamını razı salan Jül Ferrari Sürücü Akademiyasının yetirməsi idi və gələcəkdə Ferrari-yə keçəcəyi gözlənilirdi. Fransız sürücü bəlkə də hamının gözlədiyi kimi, gələcəkdə dünya çempionu olacaqdı…

Təbii ki, bu siyahını çox uzatmaq olar – “görəsən…” deyərək düşünəcəyimiz çox hadisə olub, bundan sonra da olacaq…

, , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*