Bakıda keçirilən Avropa Qran Prisinin idman tərəfinə – sərbəst yürüşlərə, sıralanma turuna, yarışa, komandaların və sürücülərin vəziyyətinə yazının sonunda yer verəcəm. İlk növbədə isə toxunulmalı olan başqa məqamlar və xüsusi qeyd edilməli olan böyük bir çatışmazlıq var. Başladıq!
Yarışdan əvvəlki hazırlıq dövrü və yarış həftəsinin ilk günləri
Avropa Qran Prisinin promouter təşkilatı Bakı Şəhər Halqası (Baku City Circuit) Əməliyyat Şirkəti yarışın hazırlıqlarına hələ aylar öncədən başlamışdı. Yarışa 6 ay qalmış – dekabrın 19-da biletlər satışa çıxarılmış, fevralın 2-də isə könüllülər mərkəzi yaradılmışdı. Bu dövr ərzində isə yarış gününə qədər təbliğat işləri aparılıb. Təbii ki, ən böyük iş trasın hazırlanması idi. Bu iş də planauyğun aparıldı. Dəfələrlə Bakıya səfər edərək trasdakı vəziyyəti yoxlayan FİA-nın yarış direktoru Çarli Uaytinq hər açıqlamasında görülən işlərdən razılığını ifadə edirdi. Altı kilometr uzunluğu, 20 döngəsi və uzun düzlükləri olan trasın öz unikallığı ilə digərlərindən fərqlənəcəyini hələ yarışdan aylar əvvəl hiss etmək olurdu. Bakı Şəhər Halqasının yarışa hazırlığı barədə bir ay əvvəl hazırladığımız materialla buradan tanış ola bilərsiniz.
Yarış həftəsinin ilk günlərindən etibarən trasın keçdiyi yollar bir həftəliyə bağlandı. Artıq şəhərdə Formula1 ab-havasını duymaq olurdu. Azarkeşlər, müxtəlif ölkələrdən olan tanınmış jurnalistlər artıq şəhərimizə gəlməyə başlamışdılar. Pilotlardan ilk gələnlər isə Valtteri Bottas, Karlos Sayns, Daniil Kvyat, Rio Haryanto və Avropa Qran Prisinin səfirlərindən biri olan Fernando Alonso oldu. Digər sürücülər də həftənin növbəti günlərində Bakıya təşrif buyurdular.
Paddokda gördüklərimiz, sürücülərin və komanda rəsmilərinin münasibətləri, avtoqraf sessiyaları
Formula1-in nəbzi paddokda döyünür. Hər bir Formula1 azarkeşinin heç olmasa bir dəfə olmağı arzuladığı yerdir paddok. Burada pilotdan məşhur sənətçilərə qədər hər kəslə rastlaşmaq mümkündür. Təbii ki, oranın da yazılmamış qanunları var. Məsələn, hansısa sərbəst yürüş sessiyası və ya sıralanma turundan sonra sürücülərə yaxınlaşaraq müsahibə almaq əksər hallarda uğurlu olmur. Əvvəla, bunun üçün xüsusi zona var ki, oradan kənarda sürücülərə jurnalist kimi sual ünvanlamaq qadağandır. İkincisi isə, bir çox sürücü sessiyadan sonra bir qədər stresli olur və ona yaxınlaşan azarkeşə də müsbət reaksiya vermir. Lakin biz həm paddokda, həm də dəvət olunduğumuz tədbirlərdə Formula1-in bir çox məşhur simasının səmimiliyini və mehribanlığını gördük. Formula1-i işıqlandırmaqda və bu sahədəki nüfuzunda rəqibsiz olan Sky Sport F1-in məşhur simaları olan Deymon Hill, Conni Herbert və Ted Kravitsin hansı ölkədən və media qurumundan gəldiyindən asılı olmayaraq bütün həmkarlarına olan isti münasibətini buna misal göstərmək olar. Mercedes AMG komandasının rəhbəri Toto Volff, sürücülərdən isə Daniel Rikkardo, Maks Ferstappen, Valtteri Bottas, Fernando Alonso, Niko Hülkenberq, Daniil Kvyat, Rio Haryanto, Serxio Peres, Niko Rosberq, hətta bərbad sıralanma turundan sonra Lyuis Həmilton hamının simpatiyasını toplayacaq münasibət bəslədilər. Təəssüf ki, eyni fikri Felipe Massa, Karlos Sayns kimi pilotlara şamil edə bilməyəcəm.
Bakı Şəhər Halqası bilet almış azarkeşlər üçün Dənizkənarı Milli Parkda xüsusi zona yaratmışdı. Bu zonada komandalara aid məhsulların satış nöqtələri, istirahət guşəsi, avtoqraf sessiyalarının və konsertlərin təşkil olunduğu yerlər var idi. Avtoqraf sessiyalarına ayrılan vaxtlar məhdud idi – hər bir komanda üçün cəmi 20 dəqiqə. Bundan da daha çox yararlanan avtoqraf sessiyalarında təcrübəsi olan xarici azarkeşlər oldu. Saatlar əvvəldən ön yerləri tutaraq sürücülərdən avtoqraf almağa daha çox onlar nail oldu. Bunu yerli azarkeşlər nəzərə almalı və gələn il nə etməli olduqlarını bilməlidirlər.
Yerli jurnalistlərin fəaliyyəti
Yuxarıda xarici Formula1 ekspertlərinin adını çəkərkən bizim yerli jurnalistlər də yadıma düşdü. Təəssüf ki, yarış Azərbaycanda keçirilməsinə baxmayaraq, bunu operativ formada işıqlandıran bir dənə də olsun media qurumu olmadı. Bunu da qoyduq bir kənara. Bu yarışa akkreditasiya almış jurnalistlərin böyük əksəriyyəti, nəinki idmanın qaydalarından bixəbər idilər, hətta ən məşhur pilotları üzdən tanımırdılar. Avtostop verilişinin aparıcısı Tural Yusifovun sözü olmasın, “sən bu pilotu tanımırsansa, sənin burada nə işin var axı…”
Formula1 barədə yazmaq çətindir, bunu başa düşürük. Amma bu tədbirə akkreditasiya alacağını bilən jurnalistin heç olmasa sürücülərin adını əzbərləməməsi təmiz biabırçılıqdır. Cəmi bir gün kifayətdir ki, sürücülər barədə və idmanın reqlamenti barədə səthi məlumata sahib olasan. Bütün bunlara görə bizim yarışın yeganə çatışmayan cəhəti medianın işi oldu.
Bunlar Avropa Qran Prisinin yarışdan kənar cəhətləri. İndi də keçək tras üzərində baş verənlərə.
2016-cı il Avropa Qran Prisi
Bakı Şəhər Halqası yeni tras olduğundan onun xarakteristikası heç kimə məlum deyildi. Hətta Pirelli də mövsümün əvvəlində şəhər traslarında istifadə olunacağını bildirdiyi yeni UltraSoft təkərlərini Bakıya gətirməmişdi. Yeni asvalt örtüyünün sürüşkən olacağı bilinirdi və bu, özünü cümə günü keçirilən sərbəst yürüşlərdən etibarən göstərdi. İlk sərbəst yürüşlərdən nəzərəçarpan daha bir məqam da bir çox komandanın düzgün sazlanmaları tapa bilməməsi idi. Elə bunun nəticəsində də hələ mart ayından trasımızla tanış olan Fernando Alonso ilk seansda 4-cü nəticəni göstərə bildi.
Sərbəst yürüşlərdə Mercedes AMG dominantlıq edərkən, Lyuis Həmilton da komanda yoldaşından daha sürətli görünürdü. Lakin sıralanma turunda hər şey dəyişdi. Səhvsiz az qala bir dövrə də vura bilməyən Həmilton sıralanmada 10-cu yerlə kifayətlənməli olarkən, Rosberq Bakıda poul alan ilk sürücü oldu.
Sıralanma turu pilotların bir çox səhvi ilə yadda qaldı. Hamı bunların yarışda da baş verəcəyini, ən azı bir dəfə təhlükəsizlik maşınının trasa çıxacağını gözləyirdi. Lakin olmadı. Yarışın startından finişinə qədər liderliyi bir dövrə də olsun əldən verməyən Niko Rosberq yarışın ən sürətli dövrəsini vuraraq karyerasında 2-ci Böyük Dəbilqəsini qazandı. Lyuis Həmilton isə 5-ci yerə qədər yüksələ bildi və çempionluq yarışında vacib xallar itirdi. Sebastyan Fettel 2-ci olarkən, Serxio Peres son 3 yarışda 2-ci dəfə podiuma yüksələrək bir daha hamının diqqətini cəlb edə bildi. Ferrari-nin Mercedes-ə böyük fərqlə uduzduğu, uzun düzlüklərin Red Bull-a sərf etmədiyi Bakı yarışının qazananları və itirənləri kimlər oldu? Baxaq.
Niko Rosberq
Nikoya üstdən aşağı baxsanız başınıza gələnlərlə də razılaşmalı olarsız. Avropa Qran Prisindən əvvəlki 2 yarışdakı uğursuzluqların ona uzun müddət təsir edəcəyini düşünürdük, amma alman sürücü nə qədər uğursuzluq yaşasa da, qələbəyə inamını itirmədiyini bir daha göstərdi.
Niko Monakoda olduqca zəif təsir bağışlamışdı. İki həftə sonra Kanada yarışında da onda çatışmayan nələrsə var idi. Lakin o, Həmiltonun sərbəst yürüşlərdəki üstünlüyündən sonra sanki özünə gəldi. Nə sazlanmalarda səhvə yol verdi, nə də tras üzərində. Yarışda Həmiltonla eyni problemi yaşamasına baxmayaraq bunu tez həll edə bildi və inamlı şəkildə dövrələri vurmaqda davam etdi. Ferrari-lərin ona bir qədər yaxınlaşmasının yeganə səbəbi isə onun qənaət rejimində yoluna davam etməsi idi. Bu, Rosberq üçün böyük zəfər oldu. Üstəlik Böyük Dəbilqə ilə gələn bu qələbəni nə Niko unudacaq, nə də Azərbaycan. Çünki o, Odlar Yurdunda qalib gəlmiş ilk Formula1 pilotu kimi tarixə düşdü.
Force İndia
Serxio Peres sıralanma turunu 2-ci yerdə tamamladı. Lakin 3-cü sərbəst yürüşlərdə bir çox sürücünün başını ağrıdan 15-ci döngədə qəzaya uğramışdı və onun maşınının sürət qutusu dəyişdirilmişdi. Buna görə də o, 5 yer itirdi və yarışa 7-cı yerdən başlamalı oldu. Bunun komandanı nə qədər təəssüfləndirdiyi hiss olunurdu.
Lakin yarışda gördük ki, o hətta 2-ci yerdən başlasa belə, Ferrari sürücülərini məğlub edəcək tempi yox idi. Amma Peres əlindən gələni etdi və son dövrədə onsuz da 5 saniyə vaxt cəzası almış Rəykköneni də keçərək podiuma yüksəldi. Bu, balaca Silverstoun komandasının son 3 yarışda əldə etdiyi 2-ci podium oldu. Mercedes AMG, Ferrari və Red Bull kimi komandaların olduğu yerdə bunu bacarmaq uğur sayılmalıdır.
Serxio Peres
Xatırlayırsınızsa, Serxio 2012-ci ildə Sauber-in tərkibində yarışarkən az qala Malayziya Qran Prisinin qalibi olacaqdı. Həmin mövsüm İtaliya və Kanadada da podiuma yüksələn meksikalı gənc sürücü növbəti mövsüm McLaren-ə keçdi. McLaren artıq geriləməkdə idi və Serxio uğurlu olmayan bir mövsümün ardından Force İndia-ya keçdi. Komanda yoldaşı Niko Hülkenberq hələ bir dəfə də olsun podiuma yüksəlməyib, amma “Çeko” bunu 2014-cü ildən bəri artıq 4 dəfə bacarıb. Bakıda qazandığı kubok Monako kuboku ilə yanaşı çox gözəl görünər. Yeddinci yerdən başladığı yarışda daha təcrübəli rəqibləri ilə əla mübarizə apararaq finiş xəttini 3-cü keçən Serxio güclü komandalarda yarışmağa layiq olduğunu bir daha sübut etdi. Təsadüfi deyil ki, onun adı 2017-ci il üçün Ferrari ilə çəkilir…
Ferrari
Yarışda pilotları 2-ci və 4-cü olan bir çox komanda sevinə bilər. Lakin Formula1 tarixinin ən titullu və bu ilin əvvəlindən Mercedes AMG ilə çempionluq mübarizəsi aparacağı gözlənilən Ferrari yox. Üstəlik, Mercedes AMG sürücüsü onları böyük fərqlə üstələyibsə.
Kimi Rəykkönen 5 saniyə cəza almasaydı, bəlkə də biz 2 Ferrari sürücüsünü podiumda görə bilərdik. Lakin o, yarışın son kilometrlərində hücum edən Peresə heç müqavimət göstərmədi. Onsuz da, cəzaya görə podiuma yüksələ bilməyəcəkdi. Ferrari Kanadaya gətirdiyi yeniliklərə çox bel bağlayırdı. Kanadada Mercedes AMG ilə eyni vəziyyətdə görünsələr də, Bakıda əsas rəqiblərinə böyük fərqlə məğlub oldular. Təbii ki, bunda Mercedes motorlarının düzlükləri sevməsinin və Bakıda uzun düzlüklərin olmasının da rolu oldu.
Red Bull
Yarışdan əvvəl Rikkardonun 7-ci, Ferstappenin 8-ci olacağını kimsə desəydi, yəqin ki, Red Bull komandasında hamı buna təəccüblənərdi. Rikkardo startda Rosberqi keçə bilmədi, amma hər halda yarışa 2-ci yerdə davam etmək də pis deyildi. Lakin bir neçə dövrə sonra onun bolidi arxadan sürüşməyə başladı və 7-ci dövrədə SuperSoft təkərləri Soft təkərlərlə əvəzləməyə məcbur oldu. Bununla da komanda tək pit-stoplu strategiyanı 2 pit-stoplu strategiyaya dəyişdi. Hər iki sürücü də bu strategiya ilə yarışdı və 2-ci pit-stoplardan sonra Medium təkərlərdən istifadə edən yeganə sürücülər oldular. Medium təkərlərə keçiddən sonra Ferstappen yarışdakı ən sürətli 3-cü dövrəni vursa da, artıq rəqibləri çoxdan onlardan uzaqlaşmışdılar…
Lyuis Həmilton
Cümə və şənbə günlərində sərbəst yürüşlərdə komanda yoldaşını üstələyən Həmiltonun yarışda finişi ondan hardasa bir dəqiqə sonra keçəcəyi kimin ağlına gələrdi? Sazlanmaların dəyişdirilməsinin effekt verməməsi və sıralanma turunda etdiyi bir çox səhv onu 10-cu yerlə kifayətlənməyə məcbur etdi. Amma təzə trasa tez uyğunlaşan güclü maşınla bazar günü çox şey etmək olardı. Lakin o, yarışa səhv sazlanmalarla başladı və bunun təsiri yarışın sonuna qədər hiss olundu. Mühəndislərindən də radio danışıqlarındakı qadağalara görə kömək ala bilməyən britaniyalı sürücünün vəziyyəti daha da çətinləşdi.
Rosberq də eyni problemlə qarşılaşdı, lakin o, əvvəlki sazlanmaya vaxtında qayıda bildi və problemi həll etmiş oldu. Həmilton isə yarış boyu düzgün sazlanmanı tapmağa çalışdı. Nəhayət, buna nail oldu və Rosberqin sürətli dövrəsinə qədər ən sürətli dövrəni vura bildi. Lakin o, 5-ci yerdə idi və öndəki rəqiblərindən xeyli geridə idi. Daha irəliləyə bilməyəcəyini başa düşən Lyuis mühərriyinə daha çox güc salmadı və yarışı 5-ci yerdə tamamladı. Həmilton Bakıdan ayrılarkən bundan əvvəlki 2 yarışda 43-dən 9-a endirdiyi Rosberqlə xal fərqi 24 olmuşdu.
Williams
Yarışa 5-ci və 8-ci yerdən başlayan Williams komandasının sürücüləri düzlük sürətlərinin yaxşı olmasına görə yaxşı nəticəyə ümid bəsləyirdilər. Valtteri Bottasın tək pit-stop strategiyası arxa təkərlərin tez aşınmasına baxmayaraq, uğurulu alındı. Lakin FW38-in lazımi tempi yox idi və finlandiyalı sürücü ən yaxşı halda 6-cı ola biləcəyini başa düşdü.
Massa da Bottas kimi arxa təkərlərin erkən aşınması problemi ilə qarşılaşdı və 2 pit-stoplu strategiyaya keçməyə məcbur oldu. Yarışın 28-ci dövrəsində Soft təkərə keçsə də, finişə yaxın yenə çətinlik çəkdi. Rikkardo və Ferstappenə müqavimət göstərə bilmədi və yarışı 10-cu yerdə başa vurdu.
Amma Bakı yarışı komanda üçün əlamətdar oldu. Felipe Massanın pit-stopunu 1,92 saniyə ərzində tamamlayan mexaniklər yeni rekord qırmış oldular. Komandanın rəsmi twitter bloqunda sıralanma turunda Valtteri Bottasın 378 km/saat sürətə çatdığı qeyd edilmişdi və bu məlumat təsdiqlənsəydi Bottas Xuan Pablo Montoyanın 372 km/saatlıq rekordunu keçmiş olacaqdı. Lakin bu, öz təsdiqini tapmadı və onun sürəti 366,1 km/saat kimi qeyd olundu.
Beləliklə ev sahibliyi etdiyimiz ilk yarışa fərqli rakursdan nəzər yetirmiş olduq. İstənilən halda, qalib gələn Azərbaycan oldu. Bakı yeni Formula1 ölkəsinin yarışı necə qarşılamalı olduğunu bütün dünyaya göstərdi. Bu, ilk yarış idi və Formula1 Bakıya hələ çox gələcək. Növbəti yarışlarda hər şeyin daha yaxşı olacağına inanırıq.