F-1.az xatırladır ki, kanadalı sürücü cari mövsümə pis başlasa da, Formula1 karyerasında ilk xallarını öz publikası önündə qazanıb. Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, 18 yaşlı sürücü nəyə qadir olduğunu göstərib: “Özünü debütant sürücü kimi aparmırdı. Ən vacibi də əsl gücünü göstərdi. Bu nəticə elə-belə alınmadı. Stroll bunun üçün bir neçə ötmə etdi. O, göstərdi ki, Formula1-də əbəs yerə çıxış etmir və onu alçaldanları susdurdu”.
Lənsin atası və sponsoru Lourens Stroll da oğlu ilə qürur duyduğunu deyib: “Oğlum artıq layiq olduğu yerdədir. Yarışı gördünüz. Bəxtinin gətirdiyini demək olmaz. Kanada onun Formula1-də 7-ci yarışı idi. Hamı səbirli olmalıdır. Burada heyrətamiz iş gördü”.