F-1.az xəbər verir ki, cümə günü poul qazanmış Oliver Birman startda yerindən yaxşı tərpənb və ilk döngəyə qədər liderliyini qoruya bilib.
Onun arxasında isə Enzo Fittipaldi əla start almış Teo Purşerin hücumlarını dəf etməli olub. Amma bundan sonra ilk onluqda vəziyyət stabilləşib, sürücülər arasında fərq yavaş-yavaş artmağa başlayıb. Mübarizə yalnız Cək Krouford və Frederik Vesti arasında gedib. 6-cı dövrədə dünənki sprintin qalibi Vesti hücumunu başa çatdıra bilib və 8-ci yerə yüksəlib.
Bundan sonra yumşaq təkərlərlə yarışa başlayan sürücülər məcburi pitə yollanıb, bərk təkərlərdə olan sürücülər isə irəli çıxıblar. Purşer pitdən sonra yenə Enzonun arxasına düşüb, bir neçə uğursuz hücumdan sonra sakitləşməli olub.
14-cü dövrədə Birman boksa yollanıb və yarışda əsas rəqibləri Enzo və Teonun önündə trasa qayıdıb. Liderliyi isə Viktor Marten ələ alıb. Onu sıx Vesti təqib edib.
Purşerin tempi aşağı düşüb, boksadan çıxan İvasa, ardınca isə Cək Duhən onu qabaqlayıblar. 24-cü dövrədə Vesti, növbəti dövrədə isə Marten boksa yollanıblar və trasa da bu ardıcıllıqla qayıdıblar.
Təkərlərini qızdırdıqdan sonra Vesti əvvəlcə Zeyn Məlonini, daha sonra Dennis Hauqeri qabaqlayıb, növbəti dövrədə isə Teo Purşeri də keçərək 6-cı yerə yüksəlib. Bu zaman Cək Duhəni əvvəlcə Marten, ardınca isə Vesti keçiblər.
Finişə 3 dövrə qalmış Marten Ayumu İvasanı da keçərək özünə podiumu təmin edib, Vesti isə nə qədər çalışsa da, yaponiyalı sürücünü keçə bilməyib.
Beləliklə, Azərbaycandakı uğurlu həfəsonundan sonra Oliver Birman daha bir qələbə qazanıb. Podiumu isə Enzo Fittipaldi və Viktor Marten tamamlayıblar.
Vesti bu gün 5-ci olsa da, çempionatda əsas rəqibi Teo Purşer üzərində üstünlüyünü 11 xala çatdırıb.
Çempionat isə iyulun ilk günlərində Avstriyada davam edəcək…