“Qırmızı öküzlər”in Şpilberqdə ən yaxşı nəticəsi 2016-cı ildə ikincilik olmuşdu və bu nəticəyə komandanın gənc istedadı Maks Ferstappen imza atmışdı. 20 yaşlı sürücü iki ildən sonra bu trasda qalib gələrək, Red Bull komandasına ev trasında ilk qələbəni qazandırdı və adını qızıl hərflərlə komandanın tarixinə yazdı.
Ferstappenin geridönüşü
Əslində hollandiyalı sürücü mövsümə çox pis başlamışdı və mövsümün ilk 6 yarışının 5-də səhvlər edərək vacib xallar itirmişdi. Amma Kanada yarışında 3-cü, Fransada 2-ci olan Maks azarkeşlərini ümidləndirməyə başlamışdı. Lakin həm cümə sərbəst yürüşlərində, həm də sıralanma turunda Red Bull komandası güclü təsir bağışlamırdı. Buna görə də qələbə üçün həm Ferstappen, həm də bu mövsüm iki qələbə qazanmış Rikkardo əlindən gələnin ən yaxşısını etməli idilər.
Ağıllı addım
Yarışın startından sonra gözlənildiyi kimi Həmilton və Bottas rəqibləri ilə fərqi artıraraq yarışa davam edirdilər. Amma hər şey əvvəlcə Hülkenberqin, sonra isə Valtteri Bottasın mübarizəni dayandırması ilə başladı. Virtual təhlükəsizlik maşını rejiminin başlaması ilə həm Ferstappen, həm də Daniel Rikkardo pitə daxil olaraq Soft təkərləri götürdülər. Yarışın lideri Həmiltonu növbəti dövrələrdə pit-stop gözlədiyi üçün Red Bull komandası yarışı ilk iki yerdə bitirməyə çox yaxın idi.
Növbəti bəxtsizlik
Hər şey qaydasında gedərkən Rikkardoda təkərlərdə problem əmələ gəldi. Daha sonra isə qazburaxma sistemində sızıntı başladı və bu hissədə temperatur artmağa başladı. Komanda bu problemin həll olunacağı ümidi ilə avstraliyalını trasda saxlasa da, alınmadı və Rikkardo bu mövsüm üçüncü dəfə bolidi vaxtından əvvəl tərk etməli oldu.
Maksın ağıllı sürüş tərzi
Əvvəlcə Hülkenberqin Renault mühərriyindəki problem, daha sonra Rikkardonun Red Bull-unda əmələ gələn təkər və qazburaxma sistemindəki problem Red Bull-un komanda körpüsünü narahat etməyə başladı. Yaranacaq növbəti problem Ferstappeni daha bir qələbədən edə bilərdi. Amma hollandiyalı sürücü gözlənilənin əksinə ağıllı sürüş etdi və sağa dönülən son iki döngədə ehtiyatlı davrandı və belə etməklə daha çox yük düşən arxa sol təkərin temperaturunun artmasının qarşısını aldı. Bundan başqa komanda mühərriyin gücünü azaldaraq Maksı problemlərdən qorumağa çalışdı. Yarış ərzində komandası ilə əlaqədə olan 20 yaşlı sürücü finişi birinci yerdə keçərək, karyerasında 4-cü qələbəsini qazandı.
Maks Ferstappen poul qazanmadan 4 qələbə əldə etməklə, Eddi Örvayn və Bryus MakLarenə çatdı. Bu isə rekord nəticədir.
Mercedes və Həmiltonun seriyaları sona çatdı
“Gümüşü oxlar” 2016-cı ilin İspaniya yarşından sonra bütün yarışlarda xal ala bilmişdilər. Avstriyada əvvəlcə Bottas, daha sonra Həmilton mübarizəni dayandıraraq, gümüşlərin 44 yarışlıq uğurlu seriyasına son qoydular. Bu, həm də Həmiltonun 33 ardıcıl finişlik yarış seriyasının başa çatması idi. Bundan başqa Sauber komandası 2015-ci ilin Çin yarışından sonra ilk dəfə iki pilotu ilə də xal ala bildi.
Əksəriyyət hər iki sürücünün də mühərrik probleminə görə dayandığını düşünsə də, sonradan Həmiltonun yanacaq, Bottasın isə hidravlik təzyiq probleminə görə dayandığı məlum oldu.
Fettel və Ferrari yenidən liderliyə yüksəldi.
Fettel bir yarışlıq fasilədən sonra yenidən bir xal fərqlə liderliyə yüksəldi. Ümumilikdə bu mövsüm artıq 4-cü dəfədir ki, liderlik Fettellə rəqibi Həmilton arasında dəyişdi. Bəs Britaniyadan sonra liderlik 5-ci dəfə əl dəyişdirəcək? Ferrari isə Avstraliya yarışından sonra yenidən liderliyə qayıtdı. Ümumilikdə, Kimi Rəykkönenin son iki yarışdakı performansı italyanları Mühəndislər Kubokunu qazanmaq yolunda ümidləndirib.
Balansı kim pozacaq?
Haızrda həm Red Bull, həm Mercedes, həm də Ferrari hərəyə 3 yarış qazanıblar. Növbədə isə Britaniya Qran Prisidir. Xatırladaq ki, Mercedes Silverstounda artıq 5 ildir ki, məğlubedilməzdirlər. Bəs indi necə olacaq? Red Bull 2012-ci ildən sonra Formula1-in ikonik trasında qalib gələcək? Yoxsa Ferrari 2011-ci ildən sonra Britaniyada qələbə qazanacaq? Rikkardo 3 yarışlıq podiumsuz seriyaya son qoya biləcək? Həmilton növbəti dəfə liderliyi Fetteldən götürəcək? Kimi Rəykkönen və Maks Ferstappen uğurlu seriyaya davam edə biləcəklər? Bunları bilmək üçün bizi izləməyə davam edin.