F-1.az xatırladır ki, bu il M-Sport-a gedən Tanakın heç bəxti gətirmir. O, mövsümün ikinci rallisi olan İsveçdə qalib gəldikdən sonra davamlı mexaniki problemlərlə üzləşir və sadəcə 1 dəfə podiuma yüksələ bilib. Lakin bütün bunlara baxmayaraq, estoniyalı sürücü çempionatın lideri Kalle Rovanperaya 42 xal uduzur.
Bu həftəsonu sürücülər Estoniyaya – mövsümün ən sürətli çınqıllı rallisinə yollanırlar. Tanak keçən il burada qalib gəlmişdi və bu il də əsas favoritlərdəndir.
Ott Tanak: “Çox gərgin formada hazırlaşmışıq. Rallidən əvvəl həm test etdik, həm də yerli ralliyə qatıldıq. Maşınımızı yaxşı vəziyyətə gətirmək üçün çox işlədik.
Sözün açığı, növbəti iki rallidə hər şey performansdan asılıdır. Buna görə də əlimizdən gələni edəcəyik və rəqiblərimizə nə qədər yaxınlaşdığımızı görəcəyik.
Mövsümün ikinci yarısına başlayanda titul uğrunda mübarizədən uzaqlaşmayacağıq. Buna görə də səviyyəni artırmalıyıq. Ümid edirəm ki, Estoniyada yaxşı performans göstərərik”.