F-1.az xatırladır ki, Avstriya yarışında yeni paketi ancaq Lando Norris istifadə etmişdi. O, yarışda podium uğrunda mübarizə aparmış, köhnə paketlə yarışan Piastri isə autsayderlər qrupunda yer almışdı.
Buna görə də McLaren komandası yeni paketi Silverstounda Piastriyə də verəcək.
McLaren komandasının rəhbəri Andrea Stella: “Bütün komanda azarkeşlərin və işçilərimizin önündə yarışmaq üçün səbirsizlənir. Silverstoundakı yarış əksəriyyəti üçün bolidi trasda görməyə tək fürsətdir.
Komanda Avstriyada 12 xal qazandı və bunu yaxşı nəticə kimi dəyərləndirə bilərik. Landonun maşınındakı yeniliklərin işlədiyini görmək gözəl idi. Yeniliklər bu həftəsonu Oskarın da maşınında olacaq.
Avstriyadakı cəsarətverici nəticəyə baxmayaraq, realist qalmağa davam edirik. Ən vacib şey önə getmək və inkişaf etməkdir. Yavaş-yavaş olsa da, hər gün addımlar atacağıq.
Silverstoun trası Red Bull Rinqdən fərqlidir. Amma bu trası bütün Formula1 fanatları və sürücüləri sevirlər. Burada yaxşı nəticə qazanmağa ümid edirik”.
Komandanın gənc sürücüsü Oskar Piastri də yeniliklərdən istifadə etmək üçün səbirsizlənir: “McLaren-dəki ilk ev yarışımı səbirsizliklə gözləyirəm. Burada azarkeşlərimizi görmək əla olacaq.
Abstriyadakı yarış həm gözəl, həm də pis idi. Komandaya xal gətirən yenilikləri görmək gözəl oldu. Bu həftə komandanın bazasına gedərək, simulyatorda işləyəcəm. Eyni zamanda yeni detalları trasda sınamaq üçün səbirsizlənirəm”.