1976-cı ildə Niki Lauda və Ceyms Hantın dünya çempionatında titul uğrunda mübarizəsinə həsr olunmuş “Rush” filmi artıq tam hazırdır, filmin premyerası payızda olacaq, filmi hələ indidən seyr edən bəxtəvərlər isə bildirirlər ki, rejisor Ron Hovard işinin öhdəsindən əla gəlib.
Film Nürburqrinqdə nümayiş olunub və deyilənlərə görə, yarış ictimaiyəti filmi alqışlarla başa vurub. Hovardın sözlərinə görə, onun işi ən sərt yoxlamanı keçib…
Britaniyalı jurnalist Adam Kuper öz bloqunda xəbər verib ki, “Rush”-ın ilk tamaşaçıları arasında Berni Ekklstoun, Ross Braun, Kristian Horner, Ədrian Nyui, Pəddi Lou, Toto Volf, Səm Maykl, Lyuis Həmilton, Felipe Massa və Niko Rosberq olublar.
Ron Hovard: “Hamı filmi bəyəndi və bizi təbrik etdi. Mən sürücülərlə söhbət etdim, gördüklərindən razı qalmışdılar və bu, məni çox ruhlandırır. Mühəndislər isə çox heyrətlənmişdilər, yəqin onlar başqa filmlərə baxmırlar, ya da onlar gözləmirdilər ki, biz çətin bir işin öhdəsindən gələ bilərik.
Mən Berni Ekklstouna da təşəkkür etdim ki, bizim filmə baxmağa vaxt tapa bilib. Berni cavab verdi ki, “mən sizə bu filmə görə təşəkkür edirəm – film məni keçmişə daşıdı.” Berni zarafat etmirdi, film hamını keçmişə qaytarır, Berni də kövrəlmişdi…”