Növill Yaponiyada liderliyi ələ alıb

Yaponiyda Dünya Ralli Çempionatının (WRC) builki sonuncu mərhələsi davam edir - sürücülər bu gün meşə yollarında 7 dopda mübarizə aparıblar.

F-1.az xəbər verir ki, doplardan birində mübarizə təxirə salındığı üçün faktiki olaraq sürücülər 6 dopda güclərini sınamalı olublar.

Dünən protokollara başçılıq edən Toyota-nın sürücüsü Elfin Evans günün ilk dopunda qələbə qazanmaqla mövqeyini möhkəmlədib. Amma bundan sonra onun əsas rəqibi Hyundai komandasının belçikalı sürücüsü Tyerri Növill fərqi azaldaraq nahardan sonra liderliyi ələ alıb.

Sonuncu dopu da qələbə ilə başa vuran Tyerri günü Elfin üzərində 4 saniyəlik üstünlüklə başa vurub.

Dünən 3-cü olan yeni dünya çempionu Kalle Rovanpera ilk dopda səhvə yol verib – böyük bir daş parçasına çırpılan Toyota sürücüsünün təkəri partlayıb. Ciddi vaxt itirən finlandiyalı sürücü günü onluqdan kənarda başa vurub.

Qeyd edək ki, keçmiş F1 sürücüsü Heykki Kovalaynen də mərhələdə çıxış edir və WRC2 sinfində yarışır. Ümumi protokollarda Heykki hələlik 12-cidir və həmyerlisi Kalleyə 14 saniyə uduzur. Heykki öz sinfində 5-ci yerdədir.

Ott Tənak bu gün doplardan birində qalib gələrək 3-cü yerə yüksəlib – estoniyalı sürücü Hyundai-dэ sonuncu yarışında komanda yoldaşı Tyerriyə 40 saniyə uduzur.

Yerli azarkeşlərin sevimlisi Takamoto Katsuta günü 4-cü yerdə başa vurub. Günün ən uğurlu sürücüsü isə Sebastyen Ojye olub – fransalı əfsanə dünənki uğursuzluqdan sonra bu gün 3 dopda qələbə qazanmaqla protokollarda 5-ci yerə qədər irəliləyib.

Sabah mövsümün son mərhələsi 5 dopla başa çatacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*