Növbəti yarış Bakıdır!

Mövsümün ilk üç yarışı geridə qaldı. Dünən Avstraliyada xaotik bir yarış izlədik və Formula1 tarixində ilk dəfə bir yarışda 3 qırmızı bayraq çıxdı. Podiumda isə 3 Dünya Çempionu var idi. İndi isə bizi Bakı yarışı gözləyir.

F-1.az bildirir ki, Bakı Şəhər Halqası 7-ci dəfə Formula1 yarışlarını qəbul edəcək. Bundan əvvəlki paytaxtımızda keçirilən əksər yarışlarda gözlənilməz nəticələr qeydə alınmışdı. Bəs bu il? Bu il də Bakımızın küçələri Formula1 fanatları üçün yeni sürprizlər hazırlayacaqmı?

Builki Azərbaycan yarışı digərlərindən qismən fərqlənir, çünki ilk dəfəfir ki, bizim yarışımızdan əvvəl 28 günlük fasilə yaranır. Buna görə də komandalar milli yarışımıza bir çox yeniliklə gələcəklər. Hətta McLaren komandasının rəhbəri Andrea Stella mövsüm əvvəlində MCL60-ın təqdimatında Bakıya çoxlu yeniliklər gətirəcəklərini demişdi.

Bundan başqa trasımızda yeni asfalt qatı salınır. Bu da sürücülərin işini bir tərəfdən yaxşılaşdırıdığı halda, bir tərəfdən də çətinləşdirir, çünki yeni asfalt demək daha az ilişmə və daha çox sürüşmə deməkdir. Bu amil də bizim yarışımızı maraqlı edəcək. Yarışın aprelin sonunda keçiriləcəyini nəzərə alsaq, yarış vaxtı yağış da yağa bilər. Bundan əvvəl Azərbaycan yarışları quru havada keçib. Bəs yağışda necə olacaq?

Bu il Azərbaycan Qran Prisində ilk dəfə sprint yarışı keçiriləcək. Bu da o deməkdir ki, Formula1 tarixində ilk dəfə şəhər tipli bir trasda sprint yarışı olacaq. Bu da bizim builki yarışı daha cəlbedici edən faktorlardan biridir.

Artıq gerisayım başladı. Azərbaycandakı həftəsonu 26 gün qalıb. Formula1-də Bakı sindromu davam edəcək? Yenə də podiumda sürpriz bir sürücü görəcəyik? Yenə də insidentlər olacaq? Təxminən 4 həftədən sonra bilinəcək. Bütün Formula1 azarkeşləri kimi biz də bu günü səbirsizliklə gözləyirik.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*