F-1.az xatırladır ki, Lando dünənki yarışda təhlükəsizlik maşını arxasındaykən qəsdən çox yavaşlayıb. Bu hərəkəti stüardlar tərəfindən həm ikiqat pit-stopda arxada olduğu üçün vaxt itirməmək, həm də özünün arxasındakı sürücüləri ləngitmək üçün atılan addım kimi dəyərləndirilib. Nəticədə gənc sürücü 5 saniyəlik cəza alıb. Lakin McLaren-in pilotu bu qərarla razılaşmır.
Lando Norris: “Mənim sürətimi azaltmağım üçün heç bir səbəb yox idi. Mən vaxt deltasında üç və ya dörd saniyə yavaş sürdüm, amma hamı bunu tez-tez edir. Hamı təkərləri qızdırmağa çalışır, ona görə də önlərindəki maşınları qabağa buraxırlar, amma elə bir şey olmayıb ki, 10 saniyəlik məsafə açılsın. Əgər məni vaxt deltasına belə uyğun gəlmədiyimə görə cəzalandırırsansa, son üç-dörd il ərzində sürücülərin əksəriyyətini cərimələmək lazım gələr. Ona görə də heç bir səhv etmədiyim üçün niyə cərimə olunduğumu anlamıram.
Üstəlik, həmin an planımıza görə, pit-stop etmək hələ tez idi. Pitə getməyi planlaşdırmırdım, amma pit-leynin yanında olanda mənə xəbər etdilər. Təkərləri qızdırmaq üçün sürətimi bir az azaltdım, amma pitə çağrılan kimi dərhal sürətimi artırdım və bacardığım qədər sürətlə getdim”.