Əfsanəvi avstriyalı sürücü, hazırda isə Almaniyanın RTL telekanalının şərhçisi olan Niki Lauda mətbuatın tənqid atəşinə tutulmuş Mixael Şumaheri müdafiə edib. Alman və İtaliya qəzetləri Ferrari-də məsləhətçi vəzifəsində çalışan yeddiqat dünya çempionunu Malayziya Qran Prisinin gedişində komandaya səhv məsləhətlər verməkdə günahlandırırlar. Şayiələrə görə, Maranelloda keçirilmiş və çempionatın uğursuz startının təhlininə həsr olunmuş dünənki iclasa Şumaher dəvət olunmayıbmış. Həm də Stefano Domenikali Çin və Bəhreyn Qran Prilərində Mixaelin məsləhətlərinə qulaq asmayacaq.
Şumaherin özü son yarışı qiymətləndirərkən deyib ki, “Yarış lotereyaya çevrildi, təəssüf ki, bu lotereyanı biz uda bilmədik.”
Amma Niki Lauda Şumaherin müdafiəsinə qalxıb, o hesab edir ki, birincisi, baş verənlərin günahı bütün komandadır, ikincisi, komanda Mixaelin təcrübəsindən daha səmərəli istifadə edə bilərdi…
Niki Lauda: “Ferrari rəhbərliyinin yerinə olsaydım mən Mixaeli komanda pultuna otuzdurardım, çünki tam aydın deyil ki, o hazırda nə işlə məşğuldur. Məncə, o yarışın geidşində komandanın işinə müdaxilə etməyib. Amma əgər o komanda pultunda olsa idi, o qərarları mühəndislərə nisbətən yüz dəfə sürətlə və daha ağıllı qəbul edərdi. Mən Ferrari-yə məsləhət vermək istəyirəm: onun təcrübəsindən istifadə edin! Şumaherdən yaxşı mütəxəssis tapmaq olmaz!”