Niyə təntənəli təqdimatlar keçmişdə qaldı?

Qarşıdakı mövsüm üçün hazırlanan yeni bolidlərin çoxunun təqdimatı Barselona testlərinin ilk səhəri baş tutacaq, hərçənd cəmi on il əvvəl komandalar çox təmtəraqlı təqdimatlar keçirərdilər. Britaniyanın SkySport kanalının əməkdaşları bunun səbəblərini araşdırmağa cəhd ediblər.

F-1.az jurnaslitlərə istinadən bildirir ki, düz 10 il əvvəl çempion Renault komandası Monakoda təmtəraqlı təqdimat mərasimi keçirərək titulu qorumağa hazırlaşdıqları yeni maşını nümayiş etdirmişdi. Bu il isə Renault daha böyük bir hadisəni – zavod komandasının Formula1-ə qayıtmasını Parisdəki mənzil-qərargahında çox sadə bir mərasimlə qeyd etdi. Yeri gəlmişkən, bu mərasim 2016-cı ildə yeganə tam təqdimat mərasimi olacaq.

Son iki ilin çempionu Mercedes AMG komandası da daxil olmaqla komandaların çoxu yeni maşınlarını ilk test gününün səhəri göstərəcəklər. Bəs niyə artıq təntənəli təqdimat mərasimləri keçirilmir?

Sauber launch, 2004

Həqiqətən də, keçən əsrin son 5 ili “qızıl dövr” idi. Formula1-ə avtoistehsalçılar gəlmişdilər, sponsorlar idmana böyük məbləğlər xərcləməyə hazır idilər – üzərində onların loqotipləri olan yeni maşınların təqdimatı iddiaları nümayiş etdirmək üçün əla fürsət idi.

Ən irimiqyaslı təqdimat isə 1997-ci ildə McLaren komandası Londonun Aleksandra sarayında Spice Girls qrupunun iştirakı ilə keçirilmişdi. Amma bu cür mərasimləri yalnız top-komandalar keçirmirdilər – yeddi il sonra Sugababes pop-üçlüyü Sauber-in təqdimatında çıxış etmişdi, 2005-ci ildə Eddi Cordan öz komandasını Rusiya əsilli biznesmen Aleks Şnayderə satdığı üçün Jordan komandasının təqdimatı Moskvada qarlı Qızıl Meydanda baş tutmuşdu.

Jordan launch, 2005

Təqdmat mərasimlərinin miqyasının azalması keçən onilliyin sonunda başladı – dünya iqtisadi böhranı nəticəsində avtoistehsalçılar çempionatı tərk etməyə başlamışdılar. Hər bir məsrəfə qənaət edilməsi komandaları təmtəraqlı təqdimat mərasimlərindən imtina etməyə məcbur etdi.

Hətta bir müddət ümumi təqdimat mərasimi keçirmək təklifi də müzakirə olundu – eyni gündə eyni bir məkanda komandalar hamısı yeni maşınlarını təqdim etməklə xərcləri aralarında bərabər bölə bilərdilər. Amma komandalar razılığa gələ bilmədilər və o vaxtdan təmtəraqlı təqdimat mərasimləri yalnız sponsorların maliyyə dəstəyi olduqda keçirilir. Belə mərasim sonuncu dəfə 2011-ci ildə Berlinin Potsdamer Platz meydanında McLaren mexaniklərinin yeni maşını hissə-hissə yığması ilə olub.

McLaren launch, 2011

İnternet üzərindən təqdimatların keçirilməsi komandalara imkan verdi ki, cüzi məsrəflərlə mərasimlərə böyük auditoriya cəlb olunsun – Ferrari və McLaren komandaları ilk olaraq bu yola əl atdılar və bul il də eyni yolla öz maşınlarını təqdim edəcəklər.

Test günlərinin və aerodinamik boruda iş saatlarının azaldılması üzündən komandalar maşın üzərində işə daha çox diqqət ayırmağa üstünlük verirlər, maşınlar isə bilavasitə testlərə bir neçə gün qalmış yığılır. Əgər yeni sponsorların təqdimatına ehtiyac yaranarsa, onda köhnə maşını yeni rəng çalarlarında və yeni sponsorun loqotipləri ilə nümayiş etdirirlər, keçən il Force İndia komandası məhz bu cür etmişdi.

Bu il yeni maşınların çoxu ən son anda təqdim olunacaq, bununla testlərin ilk gününə maraq artırılır. Sözsüz ki, bu cür təqdimatlar əvvəlki ekslküziv tədbirlərlə müqayisədə mətbuat, azarkeşlər və komandaların marketoloqları üçün əlverişli deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*