Niko Hlükenberq: Hər şey nağıla bənzəyir

Renault 2019-cu ildə Niko Hülkenberqin müqaviləsini uzatmayanda, hamı onun Formula1 karyerasının bitdiyini görünmüşdü. Qarşıda onu daha çox yarışın gözlədiyini, Aston Martin-də üç mövsüm ehtiyat pilotu olduqdan sonra Haas-ın tərkibində çempionata qayıdacağını təxmin etmək çətin idi.

F-1.az xəbər verir ki, onun Sauber bazasında yaradılan Audi zavod komandasının pilotu olacağını təsəvvür etmək daha da çətin idi. Amma məhz belə oldu.

“Bu yaxşı bir hekayədir! – deyə Niko The Race-ə müsahibəsində bölüşüb. – Audi-nin Formula-1-ə qayıtmasına gəlincə, bu nağıla bənzəyir. Çünki üç mövsüm buraxdıqdan sonra haqqınızda indi yazıldığı kimi yazılacağını gözləyə bilməzsiniz. Bütün bunlar əladır, mən çox məmnunam və qürur hiss edirəm.

Çempionata qayıtmağa çalışanda, belə bir fürsət axtaranda, təbii ki, mənim çox seçimim yox idi. Demək olar ki, Haas ilə müqavilə son saman çöpü idi ki, mən ona yapışdım. Üstəlik, bu komanda 2022-ci il mövsümünə yaxşı başladı, lakin sonra inkişaf dayandı. Onlarla müqavilə imzalayanda bilirdim ki, məni təkcə günəşli günlər gözləmir. Uğursuzluq günlərinin və qarşı küləyin də qaçılmaz olduğu aydın idi.

Amma mən sadəcə çempionata qayıtmaq istəyirdim, çünki yarışlar, komanda ilə iş, bu maşınlar üçün darıxmışdım. Mən sadəcə qayıtmaq və bacardığım qədər yaxşı çıxış etməyə çalışmaq istəyirdim. Karyeramdakı üç illik fasilə ərzində Formula1-in verdiklərini qiymətləndirməyi öyrəndim, işlər yaxşı getməyəndə belə onun mənə nə qədər zövq verdiyini başa düşdüm. Hər halda, evdə divanda oturmağın daha pis olduğunu bilirəm!

Buna görə də, Haas-ın tərkibində sükanın arxasına qayıdanda vəziyyətdən tam istifadə etməyə çalışdım və bazar günləri çətinliklərlə üzləşsək də, mən yenə də bu variantı üstün tuturam”.

Hülkenberq Audi ilə müqavilənin onun üçün gözlənilməz olduğunu etiraf etməyə hazırdır: “Bəli, bu, xoş sürpriz idi! Haas ilə müqavilə imzalayanda hadisələrin necə inkişaf edəcəyini təxmin edə bilməzdim. Mən sadəcə işdən zövq almaq, anın dadını çıxarmaq və qarşıda məni nəyin gözlədiyini düşünmək istəyirdim…

Yaxşı əhvali-ruhiyyəm və düzgün psixoloji yanaşmam olduğu üçün bu, yaxşı nəticələr göstərməyə imkan verirdi, onlar isə öz növbəsində belə gözəl fürsətə çevrildi. Hər şeyin necə alınmasından çox məmnunam…”

Mövsümün 14 mərhələsindən sonra Haas-ın hesabında 27 xal var və bunlardan 22-si Niko-nun qazandığı xallardır. Amerika komandası Konstruktorlar Kubokunda 7-ci yeri tutur və 6-cı sıradan onu cəmi yeddi xal ayırır.

Əgər ora qalxmaq mümkün olsa, Hülkenberqin sözlərinə görə, bu çox vacib nailiyyət olacaq: “O zaman hadisələrin inanılmaz dönüşü baş verəcək, xüsusilə də keçən il axırıncı olduğumuzu nəzərə alsaq. Son yarışın son döngəsinə qədər bacardığım qədər çox xal qazanmaq üçün əlimdən gələni edəcəyəm. Mən bu komandaya borcluyam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*