Nik Kəssidi Berlində vacib qələbə qazanıb

Bu gün Berlində köhnə Tempelhof aeroportunun parkinq sahəsində salınmış süni trasda elektrik maşınların Formula E çempionatının növbəti mərhələsində ikinci yarış keçirilib.

F-1.az xəbər verir ki, yağışlı sıralanma turundan sonra tras quruyub. Amma start ləngiyib – trasa etirazçılar çıxıblar və start düzlüyündə maşınların arasında oturublar. Onlar oradan çıxarıldıqdan sonra yarışa start verilib.

Soyumuş təkərlərlə startda heç kim risk etməyib – ona görə də ilk dövrələrdə ötmələr qeydə alınmayıb, təkərlər qızan kimi mübarizə başlayıb və dünən olduğu kimi peleton çox sıx hərəkət edib.

Yarışın təşkilatçıları bildiriblər ki, iki gün ərzində yarışlarda 362 ötmə (190+172) qeydə alınıb. Dünən bir yarışda lider rekord sayda – 23 dəfə dəyişib!!!

Yağış ilk cərgəni qazanan ABT Cupra-nın sürücüləri – Robin Fryayns və Niko Müller tezliklə mövqelərini itirməyə başlayıblar. Liderliyə isə yenə də əsas sürücülər çıxmağa başlayıblar.

30-cu dövrədə Envision komandasının sürücüsü Nik Kəssidi liderliyə yüksəlib və bundan sonra heç kimi irəli buraxmayıb. Elə podium da həmin dövrədə formalaşıb – Ceyk Dennis 2-ci, Jan Erik Vern isə 3-cü olublar.

Nəticələr çox sıx olub – ilk onluq finişdə 8 saniyəyə yerləşib.

Bu qələbə sayəsində Kəssidi mövsümün lideri Paskal Verlyaynla fərqi ciddi azaldıb – bu gün 7-ci olmuş almaniyalı sürücünün aktivində 100 xal var, Nik isə ona cəmi 4 xal uduzur.

Çempionat iştirakçıları iki həftədən sonra Monakoda bir araya gələcəklər

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*