F-1.az xatırladır ki, hər nə qədər bugünkü məşqlər 3 dəfə qırmızı bayraqlarla dayandırılsa da, sürmək mümkün olub. Lakin F2 yarışı bir neçə dövrə və qəzadan sonra dayandırılıb.
Tribunalar dünənki kimi bu gün də dolu olub. Günəş çıxıb, lakin tras hələ tam qurumayıb.
İlk sessiyada hamı keçid təkərindən istifadə edib. Trasın vəziyyəti durmadan dəyişib. Sürücülər ardıcıl dövrələr vurublar və nəticələr getdikcə yaxşılaşıb. Ferstappen və Elbon çınqıllığa çıxıb, Lekler ilk döngədə əyləci gec basıb.
Sayns pit-leyndə təhlükəli şəkildə Piastrinin qarşısını kəsib. Ən yaxşı nəticə Elbondan gəlib – 1:20.839. Louson, Bottas, Maqnussen, Okon və Çjou son 5 yerdən yarışa başlayacaqlar.
İkinci sessiyada sürücülər yenə keçid təkərlərlə çıxıblar və eyni strategiyanı izləyiblər. Sessiya boyunca tras qurusa da, bəzi yerlər nəm qaldığı üçün heç kim sliklərə keçməyə tələsməyib. 1:18.856-lik nəticə göstərən Ferstappen bütün rəqiblərini üstələyib. İlk onluğa düşə bilməyən sürücülər isə Hülkenberq, Tsunoda, Həmilton, Qasli və Stroll olublar.
Son sessiyada Piastri, Lekler, Ferstappen və Peres keçid təkərlərlə trasa çıxsalar da, bir dövrə sonra sliklərə keçiblər. İkinci dəqiqədə Sarcentin qəzasına görə qırmızı bayraqlar dalğalanıb – amerikalı sürücü ikinci döngədə yerində fırlanaraq çınqıllığa çıxıb və ardınca maneəyə çırpılaraq maşını ciddi şəkildə zədələyib.
Maşının təxliyəsi və maneənin bərpası 20 dəqiqə çəkib. Lakin restartdan 3 dəqiqə sonra bu dəfə Leklerin qəzası növbəti pauzaya səbəb olub. Lakin bu dəfə təxliyə işi tez yekunlaşıb. Sürücülərin yaşıl işıqlardan sonra çox cəhd şansı olmayıb. McLaren sürücüləri poula çox yaxın olsalar da, Ferstappen yenə son sözünü deyib.
Maks Ferstappen mövsümdə 8-ci, karyerasında isə 28-ci poulunu alıb. Sabah onunla yarışa ən öndən Lando Norris başlayacaq. İkinci cərgədən Rassell və Elbon, üçüncü cərgədən isə Alonso və Sayns start alacaq.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 1 | Maks Ferstappen | Red Bull | 2 | 1:20.965 | 12 | 1 | 1:18.856 | 11 | 1:10.567 | 8 |
2 | 4 | Lando Norris | McLaren | 4 | 1:21.276 | 12 | 7 | 1:19.769 | 11 | 1:11.104 | 7 |
3 | 63 | Corc Rassell | Mercedes | 6 | 1:21.345 | 12 | 6 | 1:19.620 | 11 | 1:11.294 | 9 |
4 | 23 | Aleksander Elbon | Williams | 1 | 1:20.939 | 12 | 3 | 1:19.399 | 10 | 1:11.419 | 10 |
5 | 14 | Fernando Alonso | Aston Martin | 10 | 1:21.840 | 11 | 4 | 1:19.429 | 10 | 1:11.506 | 9 |
6 | 55 | Karlos Sayns | Ferrari | 5 | 1:21.321 | 12 | 9 | 1:19.929 | 11 | 1:11.754 | 9 |
7 | 11 | Serxio Peres | Red Bull | 13 | 1:21.972 | 13 | 8 | 1:19.856 | 11 | 1:11.880 | 9 |
8 | 81 | Oskar Piastri | McLaren | 3 | 1:21.231 | 12 | 2 | 1:19.392 | 10 | 1:11.938 | 9 |
9 | 16 | Şarl Lekler | Ferrari | 14 | 1:22.019 | 12 | 5 | 1:19.600 | 10 | 1:12.665 | 5 |
10 | 2 | Loqan Sarcent | Williams | 15 | 1:22.036 | 13 | 10 | 1:20.067 | 11 | 1:16.748 | 3 |
11 | 18 | Ləns Stroll | Aston Martin | 7 | 1:21.570 | 12 | 11 | 1:20.121 | 10 | ||
12 | 10 | Pyer Qasli | Alpine | 8 | 1:21.735 | 11 | 12 | 1:20.128 | 10 | ||
13 | 44 | Lyuis Həmilton | Mercedes | 12 | 1:21.919 | 13 | 13 | 1:20.151 | 10 | ||
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 9 | 1:21.781 | 12 | 14 | 1:20.230 | 10 | ||
15 | 27 | Niko Hülkenberq | Haas | 11 | 1:21.891 | 10 | 15 | 1:20.250 | 10 | ||
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | 16 | 1:22.067 | 12 | |||||
17 | 31 | Esteban Okon | Alpine | 17 | 1:22.110 | 12 | |||||
18 | 20 | Kevin Maqnussen | Haas | 18 | 1:22.192 | 11 | |||||
19 | 77 | Valtteri Bottas | Alfa Romeo | 19 | 1:22.260 | 12 | |||||
20 | 40 | Lyam Louson | AlphaTauri | 20 | 1:23.420 | 12 |