Gözlənildiyi kimi, Force İndia komandası bu gün təsdiq edib ki, gələn il Pol di Restanın komanda yoldaşı Niko Hülkenberq olacaq.
24 yaşlı sürücü keçən il Formula1-də Williams komandası ilə debüt etmişdi, bu mövsümü isə Vicey Malyanın komandasında ehtiyat sürücü kimi çalışmdı, gələn il Niko yenidən trasa əsas sürücü kimi çıxacaq. Almaniyalı sürücü öz həmyerlisi Adrian Sutili əvəz edəcək.
Niko Hülkenberq: “Əlbəttə, mən Sahara Force İndia komandasında qalmağa şadam. Bu il yarışları kənardan izləmək mənə çox çətin idi, amma mən komandaya maksimum kömək etməyə və nəyə qadir olduğumu göstərməyə çalışırdım. Yeni mövsüm ərəfəsində motivasiyam hədsizdir və mənə göstərdikləri etibara görə və şansa görə hamıya təşəkkür etmək istəyirəm. Qışda məhsuldar işləməliyəm ki, maşınımız daha yaxşı alınsın və komandaya mövsümün gedişində maşının inkişafı üçün əlimdən gələn köməyi edəcəm. Xeres testlərini səbirsizliklə gözləyirəm.”
Vicey Malya, komandanın həmsahibi və başçısı: “Mən 2012-ci il mövsümü üçün heyətimizi təqdim etməyə şadam. Pol və Niko böyük potensiallı və çox istedadlı iki sürücüdür.
Məncə, Pol elə debüt mövsümündən sürətli, yetkin və istedadlı olmasını sübut edə bilib və biz onunla işimizi davam etdirəcəyik.
Nikoya gəlincə, 2010-cu ilin sonunda başa düşdük ki, o, gələcəyin ulduzudur və bu il onu diqqət mərkəzində saxlamağı qərara aldıq. Düzdür, Niko sükan arxasında elə də çox işləyə bilmədi, amma bizi əmin edə bildi ki, gələn il əsas heyətə layiqdir.
Bizim komandanın Formula1-də formalaşmasında böyük rolu olan Adrian Sutilə isə minnətdarlıq edirik və gələcəkdə hər bir işində uğurlar arzulayırıq.”