Formula1 yarışlarından bəhs edən və qısa zamanda böyük tamaşaçı kütləsi toplayan Drive to Survive sənədli serialının 5 -ci mövsümündə Bakı yarışı həyəcanlı anları ilə yer alacaq.
Həyəcanverici hadisələrlə yadda qalan öncəki Bakı yarışlarının anbaan görüntüləri məhz bu serialda yer alıb. 2018-ci ildə Red Bull komandasının pilotlarının məşhur toqquşması, 2021-ci ildə Maks Verstappenin yarışın bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Lyuis Həmiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib.
“Bakı yuxularıma kabus kimi girir.“ – buraxdığı səhvdən sonra Lyuis Həmiltonun Mersedes-in komanda rəhbəri Toto Volff ilə söhbət zamanı səsləndirdiyi bu fikir Drive to Survive izləyicilərinin diqqətindən qaçmayıb.
Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə Formula1 yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntüləri – bir sözlə, F1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.