Necə işləyir: Formula1 bolidində pedal qovşağı

2023-cü ildə Mercedes komandası azarkeşlərə Formula1 bolidinin strukturu, onun ayrı-ayrı sistemləri və komponentləri haqqında “Necə işləyir” adlı yeni bölməsində məlumat vermək qərarına gəlib.

F-1.az xəbər verir ki, ilk buraxılışında Mercedes-də simulyator pilotu kimi işləməyə davam edən keçmiş F1 sürücüsü Əntoni Devidson komandanın konstruktor-mühəndisi Corc Qouverlə pedal qovşağının necə işlədiyini izah edir.

Əntoni Devidson: Formula1 sürücüsü üçün bu, olduqca sadədir: sağ pedala basırasan – maşın gedir, sürətlənir, sol pedala basırsan – maşın yavaşlayır və dayanır.

Corc Qouver: Bəli, amma konstruktor baxımından işlər bir az daha mürəkkəbdir. Bir çox hallarda, pedal montajı sürücünün fərdi seçiminə uyğun hazırlanır. Pedallar daha uzaqda və ya daha yaxında, daha aralı və ya daha bitişik yerləşdirilə bilər, ümumiyyətlə, çoxlu müxtəlif versiya var.

Əntoni Devidson: Pedal qovşağını maşından kənarda görmək maraqlıdır. Bunu nadir hallarda görürsən. Və dərhal diqqətimizi çəkən odur ki, bu, ilk baxışdan göründüyündən daha mürəkkəb bir qurğudur.

Corc Qouver: Bəli, görürsünüz ki, bütün struktur diqqətlə düşünülmüşdür, hər bir detalın öz məqsədi var. Xüsusilə, pedal bayraqların müxtəlif formalarına malik ola bilər – bu, sürücünün məqsədlərindən asılıdır.

Əntoni Devidson: Pedalların əyri kənarlarını “bayraqlar” adlandırırsınız?

Corc Qouver: Bəli, onlar pedalların kənarlarında yerləşir və ayağın ölçüsü və digər nüanslar nəzərə alınmaqla hazırlanır. Sanki ayaqla pedalı tutmağı artırmaq üçün basılan yastığa xüsusi bir lent yapışdırırıq.

F1 pedals

Əntoni Devidson: Budur, bu bir növ amortizatordur, daha sonra biz yayı görürük, bəs bu nədir?

Corc Qouver: Bu sensordur.

Əntoni Devidson: Deməli, biz fly-by-wire prinsipi ilə çalışan elektron idarə olunan qaz pedalı haqqında eşidəndə, söhbət bundan gedir?

Corc Qouver: Bəli, söhbət bu sensordan gedir.

Əntoni Devidson: Siz qeyd etdiniz ki, müxtəlif sürücülər öz maşınlarında pedalları fərqli sazlamağa üstünlük verirlər. İndi siz Lyuis Həmilton və Corc Rassell ilə işləyirsiniz: onların yanaşmalarında hər hansı bir fərq varmı?

Corc Qouver: Bəli, kifayət qədər fərqlər var. Bəzi sürücülər pedalların demək olar ki, bərabər səviyyədə olmasına üstünlük verirlər, digərləri isə onların bir-birindən bir qədər uzaqlaşmasını istəyirlər.

Əntoni Devidson: İki fərqli materialdan istifadə etdiyinizi müşahidə etdim, sol pedal karbondur, sağ pedal isə, deyəsən, alüminiumdur…

Corc Qouver: Bəli, qaz pedalı alüminiumdəndir.

Əntoni Devidson: Bunu nə ilə izah edərdiniz?

Corc Qouver: İş ondadır ki, əyləc pedalı çox güclü yükə tab gətirməlidir, maksimum 100 kq-lıq yüklənmə ilə basılır, ona görə də bu pedallar çox güclü olmalıdırlar. Və karbon lifi bunun üçün idealdır – bu material çox davamlı və yüngüldür.

Əntoni Devidson: Ümumiyyətlə, bütün pedallar xüsusi sifarişlər hazırlanır və onların demək olar ki, saysız-hesabsız sazlanma variantları var. Aydındır ki, belə bir qovşağın hazırlanmasına və onun maşına inteqrasiyasına çox vaxt sərf olunmalıdır.

Corc Qouver: Bəli, tamamilə doğrudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*