Gələn il Bakıda Formula1 yarışını təşkil edəcək Baku Grand Prix MMC-nin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a müsahibə verib. “Formula1 Azərbaycanda” (www.F-1.az) saytı həmin müsahibəni ixtisarla nəzərinizə çatdırır…
Ölkənin aparıcı PR mütəxəssislərindən biri olan xanım Arpadarai, uzun illər çalışdığı telekom sahəsindən ayrılaraq, Baku Grand Prix komandasına qatıldı. Nigar xanım idman dünyasının ən maraqlı yarışlarından biri olan Formula1 yarışına hazırlıqlardan və izləyiciləri gözləyən sürprizlərdən bəhs etdi.
Yaradıcı ailədə doğulmuş həmsöhbətim, yüksək təşkilatçılıq bacarığı ilə həm uğurlu karyera qurmağı, həm də ailəsinə yetərincə vaxt ayırmağı bacarır. O, həmçinin uğurunun sirlərini bizlərlə bölüşdü və işləyən xanımlara gərəkli olacaq məsləhətlər verməyi də unutmadı.
– Təxminən 2 ay əvvələ kimi hər kəs Sizi “İCT woman” kimi tanıyırdı. “Nar”-da uzun müddət çalışmısınız. Və bu gün Azərbaycanda Avropa Qran Prisi yarışını təşkil edəcək Baku Grand Prix şirkətinin Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbərisiniz. Bu vəzifə təklifini necə qarşıladınız? Gözləyirdinizmi?
– Sizə səmimi deyim ki, gözləmirdim. “Nar”ı çox sevirəm, hər zaman özümü şirkətin bir hissəsi kimi hiss etmişəm. Bildiyiniz kimi, bir neçə ay öncə Nar mobil operatorunun rebrendinqini etdik, həmçinin Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq, Oyunların təşviqi və yüksək səviyyədə keçirilməsi üçün bir çox layihələri həyata keçirdik. Layihə çox idi, bu məqamda mənə təklif gəldi. Etiraf etməliyəm ki, Formula1 yarışının Bakıda keçirilməsi ideyası və bu prosesə töhfə vermək imkanı mənə son dərəcə maraqlı gəldi və təklifi böyük məmnuniyyətlə qəbul etdim.
– O zaman bu vəzifəni Sizin karyeranızda ən məsuliyyətli məqam adlandırmaq olar?
– Mən hər zaman işimə məsuliyyətlə yanaşmışam və işimdən zövq almağa çalışmışam. Çalışdığım bütün şirkətlərdə, “Nar”-da, ondan öncə Avropa İttifaqının Nümayəndəliyində də çalışarkən hesab etmişəm ki, bu, mənim üçün ən vacib və məsuliyyətli məqamdır, öhdəsindən ən yüksək şəkildə gəlməliyəm.
İndi mənim üçün yeni bir mərhələdir. Və BGP komandasının qarşısında duran əsas vəzifə maraqlı bir yarış keçirməklə yanaşı, vətəndaşlarımızı F1 sahəsində maarifləndirmək, bu sahəyə marağı artırmaq və dünyada olan F1 fanatlarını cəlb etməkdir.
– Yeri gəlmişkən mənim də böyük həvəs və maraqla izlədiyim idman yarışıdır.
– Formula1 yarışı 185 ölkədə 110 yayım şirkəti tərəfindən yayımlanır və yarışı 500 milyondan çox televiziya tamaşaçısı izləyir (2012-ci ilin statistikası). Onu deyim ki, Formula1 yarışlarının izləyiciləri də ənənəvi və bu yarışlara sədaqətlidirlər. Məncə, belə fanat ordusu bir də futbolda var. Qran Priləri izləmək üçün ölkədən ölkəyə səfər edirlər, könüllü kimi prosesə qatılırlar. Mən çox sevinirəm ki, Azərbaycanda da Formula1 yarışlarının pərəstişkarları var, hətta bir çox insan bizə müraciət edərək kömək təklif edir. Bu, bizi çox ruhlandırır.
– Mən də yarışların həvəskarı kimi, bu yarışların kommunikasiya işlərinin peşəkar şəxs tərəfindən aparılacağı üçün sevinirəm. Çünki istənilən sahədə peşəkar şəxslər təəssüf ki, azlıq təşkil edir və hazırda onların uğrunda mübarizə aparılır.
– İstənilən şirkətin irəli getməsi üçün insan resursu önəmlidir, bizim şirkətdə də, əlbəttə, komandanın formalaşması prosesinə xüsusi önəm verilir. Hazırda bütün rəhbər vəzifələrə əməkdaşlar cəlb olunub, işçilərin çoxu işə başlayıb. Onu da qeyd edim ki, işçilərin sayı 50-60 nəfərdən çox olmayacaq. Gələn il yarış zamanı müvəqqəti vakansiyaların açılması gözlənilir. Hazırda isə, yüksək təşəbbüsə malik gözəl bir komandamız var. Artıq tam tərkibdə işə başlamışıq.
Gələn ilin əvvəli isə könüllülərin cəlb olunması prosesinə başlayacayıq. Avropa Oyunları zamanı könüllülərin cəlb edilməsi təcrübəsini çox bəyəndim. Zənnimcə, bu tələbələr üçün ünsiyyət qurmaq, cəld qərar vermək və s. baxımından çox yaxşı iş təcrübəsi idi…