F-1.az xatırladır ki, çempionun adına sonuncu dəfə 2014-cü ildə mövsümə yekun vuran yarışda aydınlıq gəlib. İki il əvvəl də bu il odluğu kimi, Lyuis Həmilton və Niko Rosberq titul uğrunda mübarizə aparmışdılar. Rəqibini 17 xal üstələyən Lyuis Nikonun problem yaşadığı və ikiqat xalların verildiyi yarışda qalib gələrək ikinci titulunu rəsmiləşdirmişdi.
Lakin vəziyyət indi əksinədir – Niko komanda yoldaşından 12 xal irəlidədir və yarışda ilk üç yerdən birini tutarsa, digər nəticələrdən asılı olmayaraq, ilk titulunu qazanacaq. Lyuis isə yarışda rəqibindən ən azı 12 xal çox qazanmalıdır, hansı ki, bunu mövsüm ərzində yalnız dörd dəfə edə bilib.
Tarix də Nikonun tərəfindədir. Bundan əvvəlki 9 haldan ikisində son yarışa komanda yoldaşından daha az xalla gələn sürücü çempion olub. 1950-ci ildə Cüzeppe Farina Montsada qalib gəlib və yarışı tamamlaya bilməyən Xuan Manuel Fanxionu ümumi nəticədə keçərək Formula1-in ilk titulunun sahibi olub. 2010-cu ildə isə Sebastyan Fettel Mark Uebberi məhz son yarışda üstələyərək titulu qazanıb. Fettel finiş xəttini birinci keçərkən, komanda yoldaşı Uebber 8-ci, çempionluğa digər namizəd Alonso isə 7-ci olublar…
Daha iki halda isə komanda yoldaşlarından heç biri çempion ola bilməyib və titul başqa komandanın sürücüsünə qismət olub. 1986-ci ilin son yarışı olan Avstraliya Qran Prisində qalib gələn Prost Adelaidaya titula digər iki namizəd olan Williams Honda sürücüləri – yarışı tamamlaya bilməyən Naycel Mənsell və ikinci olan Nelson Pikeni üstələyərək çempion olub. 2007-ci ildə isə Braziliyada qələbə qazanan Rəykkönen yarışdan əvvəl titula ən yaxın olan McLaren sürücülərini – Lyuis Həmilton və Fernando Alonsonu qabaqlayıb. Britaniyalı sürücü İnterlaqosda 7-ci, Alonso isə 3-cü olaraq titulu əldən veriblər.
Qalan 5 halda isə son yarışa xal hesabında öndə gələn sürücü çempion olub. 1956-cı ildə Fanxio, 1959-cu ildə Cek Brəbhəm, 1967-ci ildə Denni Halm, 1984-cü ildə Niki Lauda və 2014-cü ildə Lyuis Həmilton son yarışda komanda yoldaşlarının onları ümumi nəticədə keçmələrinə imkan verməyiblər.