F-1.az xatırladır ki, Formula1-də bu ildən etibarən yeni qaydalar tətbiq ediləcək.
Rosberq isə bildirib ki, evində oturaraq, böyük maraqla yarışlara baxacaq: “Evimdə kresloda oturaraq, televizordan yarışlara baxacam. Bu çox maraqlı olacaq. Yeni bolidləri və təkər-təkərə mübarizələri görmək üçün səbirsizliklə gözləyirəm.
Keçən mövsüm çətin anlar yaşadım. Üzərimdə inanılmaz təzyiq var idi. Bundan əvvəlki iki çempionatı qazanan Lyuis üçün məğlub olmaq asan deyildi. Əbu Dabidə finiş xəttini keçəndə də sevinmirdim. Əvvəlcə rahatladım. Bu ilk dəfə olan və gərgin bir vəziyyət idi”.
Mercedes son iki mövsümdə çox üstün olsa da, 2016-cı ildə rəqibləri onlara yaxınlaşmışdı və Həmiltonla Rosberq bir-birilə mübarizə apardıqca, Mercedes-in boksunda dram və intriqa artırdı.
Çempionluq uğrunda mübarizə aparan Həmilton və Rosberq İspaniyada bir-birinə çırpılaraq yarışın ilk dövrəsində yarışxarici qalmışdılar. Hətta, Həmiltonun komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər də artmışdı. İki sürücü Avstriya yarışında da bir-birlərinə çırpılmışdılar.
İki sürücünün aralarında ciddi anlaşılmazlıq böyüyürdü. Artıq iki düşmənə çevrilmişdilər və bir-birlərinə nifrət etdikləri açıq-aydın görünürdü.
Rosberq bu cür təzyiqlə necə mübarizə apardığını danışıb: “Mənim üçün ən doğru hədəf anı yaşamaqdır. Arzu və xəyalların əsiri olmamaqdır. Yönümü tapmaq üçün və anı tuta bilmək üçün meditasiya üzrə məsləhətçi ilə işləyirəm. Bunu tətbiq etdiyimi hiss edirəm. Ailəm də mənə bu mövzuda kömək edir. Mənim üçün birinci yerə yarışı qoydular. Digər şeylər isə ondan sonra gəlir. Bilirdilər ki, çətin olacaq və buna görə də ailəmdən heç kim ilə problemim olmadı”.
Rosberq gələcək üçün bəzi etiraflar edib: “İdmanın içində olmaq istəyirəm. İdmanın qatı izləyicilərindən olacam. Fransanın cənubunda bir kart trası var və maşın sürmək istəyəndə dostlarımla oraya gedirəm. Bunlardan başqa heç nə planlaşdırmamışam. Yarışmağa ehtiyacım var. Həvəskarı olduğum bəzi idman növləri var. Tennis belə oynasam, həyəcan yaşayıram və yaxşı vaxt keçirirəm. Buna görə də gözləyib görək”.