F-1.az xatırladır ki, Lauda almaniyalı sürücünü komandanı xəbərdar etmədən təqaüdə çıxdığına görə tənqid atəşinə tutmuş və komandanı pis vəziyyətdə qoyduğunu demişdi.
Niko Rosberq: “Həmişə Niki ilə danışırdım və o, mətbuatda danışdığından fərqli davranırdı. Məncə, o məyusdur və onu başa düşürəm.
Mənim üçün qərar verməyi çətinləşdirən də bu idi – komandamı çətin vəziyyətdə qoymaq. Belə olacağını bilirdim. Ən çətin tərəfi bu idi. Qərar verəndən bir saat sonra Volffa qərarımı dedim. Çünki onlara seçim etmək üçün daha çox vaxt vermək istədim. Amma komandadan qaçdığımı demək!? Sadəcə komanda istədiyi üçün sürə bilmərəm. Bundan başqa, Niki 1979-cu ildə mövsümün ortasında təqaüdə çıxdı və məndən cavan idi. Bəlkə də bunu unudub”.
Xatırladaq ki, Lauda 1979-cu ilin Kanada QP-nin sərbəst yürüşlərindən sonra “eyni yolu dövrə vurmaqdan yoruldum” demiş və təqaüdə çıxmışdı. Avstriyalı sürücü o dövrlər Brabham komandasının şərəfini qoruyurdu. Amma Lauda bir neçə ildən sonra McLaren komandası ilə idmana qayıtmışdı. Bəlkə Rosberq də qayıdacaq?